Cənub sərhədlərimizdə “böyük oyun”un izləri – TƏHLİL

  12 Mart 2019    Oxunub : 17303
Cənub sərhədlərimizdə “böyük oyun”un izləri – TƏHLİL
"...Bütün bunların, o cümlədən, Horadizdə sərhədçilərimizə atılan güllənin Tehranın Vaşinqtona mesajı olduğunu istisna etmək olmaz. Yəni, bu, Qarabağda ABŞ-ın təşəbbüsü ilə beynəlxalq sülhməramlılar yerləşdirilməsi planına İranın demarşı ola bilər".

Geopolitika elmində belə bir bənzətmə var: dövlət bir bədəndirsə, sərhədlər onun əl-qolu, ətraflarıdır. Dövlətin təhlükəsizliyi sərhəddən başlayır, vətən də sərhəddən başlayır, sərhəddə bitir.

2018-ci ilin sentyabrında
DSX rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Libermanla görüşdü və regiondakı vəziyyəti müzakirə etdi.  Görüş barədə deyilirdi ki, "müzakirələr zamanı bölgədə cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri və istiqamətləri nəzərdən keçirilib, ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsinin vacibliyi bildirilib".

Oktyabr ayında Amerika prezidentinin müşaviri Bolton regiona səfər etdi və vurğuladı ki, Vaşinqton bölgə dövlətlərinə silah satmağa hazırdır. İran təşvişə düşdü: Vaşinqton düz İranın qulağının dibində, Cənubi Qafqazda öz geosiyasi, hərbi strategiyasını həyata keçirməyi qərara almışdı və bu, İrana qarşı sanksiyalar fonunda cərəyan edə bilərdi.

Bundan 2 ay sonra, 2018-ci il dekabrın 11-də İranın sərhəd qoşunlarının komandanı, general-mayor Qasım Rzayi Azərbaycana gəldi və Elçin Quliyevlə görüşdü, 2019-cu il yanvarın 9-da iki sərhəd komandanı yenə də Azərbaycanda, Biləsuvarda görüşdülər. Bundan iki il əvvəl də E.Quliyev İranda olmuşdu və İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Hüseyn Bagiri ilə görüşlər keçirmişdi. Azərbaycan sərhəd komutanının İran ordusunun baş qərargah rəisi ilə görüşməsi bir daha onu göstərdi ki, İran Azərbaycanla sərhəd məsələsini özünün milli təhlükəsizliyinin mühüm bir hissəsi kimi qiymətləndirir.

O zaman hələ Xəzərin statusu müəyyən edilmədiyindən, görüşdə dövlət sərhədində və Xəzər dənizində şərait, habelə, iki ölkə arasında sərhəd təhlükəsizliyinin növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmışdı. ABŞ Azərbaycana 907-ci düzəliş əsasında silah satışına qadağa qoysa da, lakin sərhəd təhlükəsizliyi üçün lazım olan texnikanı verir. Azərbaycan-İran sərhədi regionda ABŞ, İsrail və İranın diqqətində olan əsas sərhəd xəttidir desək, yanılmarıq. Xəzərin statusunun həllini tapmasında da ABŞ-ın, gələcəkdə NATO-nun dənizdə sərhəd mühafizəsi məqsədilə Azərbaycanla yaxınlaşma, xüsusilə hərbi-texnika ayırması ehtimalından İranın narahat olması idi.

Əbəs deyil ki, Tehran uzun illər sürən inadından nəhayət ki, bu il, Boltonun səfərinə cəmi ikicə ay qalmış əl çəkdi. Son dövrdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Müdafiə Nazirliyinin qoşunlarının sərhəd xidmətinin qoşunları ilə əvəz olunması barədə həmsədrlərin təklifləri səslənirdi. Bir çox dövlətlərdə sərhəd qoşunları milli təhlükəsizliyin ayrılmaz hissəsi olan sərhəd təhlükəsizliyini qoruyan əsas silahlı qüvvə, qoşun növüdür. Sovet dövründə bu qoşunlar DTK-nın tərkibində idi. Lakin hazırda bu funksiyanı Dövlət Sərhəd Xidmətinin müvafiq qoşun növü həyata keçirir.

Sərhədlərimizin İran tərəfdən pozulması mütəmadi hal alıb. Bu təxribatçı əməlləri həyata keçirən əsasən narkotik qaçaqmalçılığı ilə məşğul olan adi cinayətkarlar, qaçaqmalçılar, mütəşəkkil cinayətkar qruplardır. Lakin istisna edilmir ki, bu məsələlərdə siyasi motivlər də olmamış deyil. Əgər İslam Respublikasının prezidenti Ruhani Azərbaycana qarşı cəfəng iddialarla çıxış edirsə, həmin ölkənin sərhədi məqsədli şəkildə pozub, Azərbaycana və onun müttəfiqlərinə, strateji tərəfdaşlarına güc nümayişi yolu ilə demarş etməsinə kim və necə mane ola bilər?!

İran Orta Şərqdə böyük strateji məqsədlərə hədəflənmiş geosiyasi planlar həyata keçirir, bir neçə ölkəni vahid yarımhəlqədə birləşdirib "şiə hilalı" yaratmaqla ABŞ, İsrail, Səudiyyənin "Daha böyük Orta Şərq" planlarına mane olmağa çalışır, Hizbullah, Həmas, Həşdi-Şabi, İran İslam Keşikçiləri Korpusunun Qüds briqadası vasitəsilə Orta Şəqrdəki geosiyasi ambisiyalarını həm də hərbi-kəşfiyyat vasitələrilə həyata keçirir. İranın Suriyadakı hərbi iştirakı əsasən Livanla sərhəddə təmərküzləşib və məqsəd Livan, Fələstindəki Hizbullahla, Yəməndəki Husilərlə rabitəni itirməməkdir. Yaxın Şərqdə İran Qasım Süleymani, İsmayıl Haniyə, Müqtəda əs-Sədr, Əbu Əzrail, Şeyx Nəsrullah kimi komandirlərlə öyünür. Dövlət büdcəsində ötən il öz Orta Şərq strategiyasının hərbi-siyasi məqsədlərlə həllinə İran 11 milyard dollar ayırmış və bu, ölkədə böyük narazılıqlara səbəb olmuşdu.

İran kimi bir dövlət öz şimal sərhədlərini nəinki diqqətdən kənar qoymur, üstəlik, vaxtaşırı müxtəlif yollarla gücünü nümayiş etdirir. Xüsusilə, Ermənistanda rəngli inqilab İranı xeyli narahat etdi. Paşinyanın NATO səfərləri öncəsi İranın Yerevandakı səfirinin Ermənistan rəsmiləri, xüsusilə Müdafiə Nazirliyində görüşlər keçirməsi diqqətəlayiq haldır. Təbii ki, İran Qarabağda beynəlxalq sülhməramlıların yerləşməsi ehtimalını öz təhlükəsizliyinə təhdid hesab edir. Sual olunur: niyə insidentlər İran-Ermənistan sərhədində yox, İran-Azərbaycan sərhədində baş verir?! Qaçaqmalçılar, mütəşəkkil cinayətkar dəstələr üçün nə fərqi var İranın Ermənistanla, yaxud Azərbaycanla sərhədindən Rusiyaya, Avropaya mal daşımağın?! İran-Azərbaycan sərhədinin cəbhə xəttindəki hissəsində, tam 132 km. boyunca işğal olunmuş ərazidə nəzarəti işğalçı Ermənistanın qoşunları həyata keçirir. Dağlıq Qarabağ vasitəsilə, nəzarətdənkənar bölgədən narkotika keçirmək daha asan deyilmi?!

Münaqişənin həllinə dair təşəbbüslərin səsləndirildiyi indiki məqamda məhz qoşunların təmas xəttinə yaxın ərazidə sərhəd qoşunlarımıza atəş açılması şübhəlidir. Əgər atəş açanlar adi cinayətkarlardırsa, odlu silahı özləri ilə sərhədə qədər necə daşıyıblar, sərhədi pozmaq istəyərkən İran sərhədçiləri niyə onlara mane olmayıb?! Niyə Horadiz,  Göytəpə, Culfa, Biləsuvar sərhəd məntəqələrində cənub istiqamətindən vaxtaşırı sərhədçilərimizə atəş açılır, halbuki, Azərbaycan tərəfindən İran sərhədçilərinə qarşı belə bir hücum heç zaman qeydə alınmayıb. İranın Yaxın Şərqi lərzəyə gətirən təhlükəsizlik qüvvələri niyə Azərbaycana hücumların qarşısını almır?

Halbuki, 2013-cü ilin noyabr ayında İran Naxçıvan sərhədindəki atışmanı bəhanə edərək, Culfa keçid-sərhəd məntəqəsini bağlamışdı. 2017-ci ilin dekabrında isə İran və Ermənistan Naxçıvana yaxın Mehridə, İran-Ermənistan sərhədində Azad İqtisadi Zonanın yaradılması, bu ərazinin Avrasiya İqtisadi Birliyinin 7 əsas azad ticarət zonasından birinə çevrilməsinə dair birgə qərar verdilər. Hətta İran və Ermənistan bu bölgəyə Avropa, Çin, Rusiya şirkətlərini səhmdar qismində dəvət etmək fikrində idilər.  Gördüyümüz kimi, İran Ermənistanla sərhəddə işğalçını blokadadan çıxarmaq üçün illərlə davam etdirdiyi siyasətinə ara vermir, lakin Azərbaycanla sərhəd məntəqəsini gah bağlayır, gah da onun mühafizəsinə yumşaq halda desək, laqeyd yanaşır.

Məlumatlara görə, Paşinyanın Tehran səfərindən sonra ermənilər Dağlıq Qarabağın İranla hüdudda işğal altında saxladıqları 132 km sərhəd xəttini tələsik möhkəmləndirməyə başlayıblar. Bu, o vaxta təsadüf edir ki, Qərbdə Ermənistanın nəzarətdə saxladığı Azərbaycan-İran sərhədinin Qarabağdan keçən hissəsindən narkotika, qeyri-qanuni silah ticarəti və sənaye miqyasında təbii resursların qaçaqmalçılığının geniş vüsət aldığı barədə geniş kampaniya aparılır. Burada bir xatırlatma edək ki, bir neçə il öncə Wikileaks sənədlərində Ermənistanın sanksiyalar altında olan İranla gizli silah ticarəti, habelə Tehranın "çirkli pulları"nın məhz Ermənistan bankları vasitəsilə yuması barədə məlumatlar var idi. Yəni, Ermənistan-İran və işğal olunmuş Azərbaycan-İran sərhədinin Dağlıq Qarabağ hissəsindən ermənilərlə İranın qeyri-qanuni məqsədlər üçün istifadəsi sirr deyil və ABŞ kəşfiyyatı bu barədə kifayət qədər məlumatlıdır.

ABŞ çıxış yolu kimi nəzarətsiz ərazini Azərbaycana qaytarmaq səylərini gücləndirərək, Paşinyana Qarabağ məsələsinin həllində təzyiq göstərir. Digər variant isə Qarabağda BMT-nin beynəlxalq sülhməramlıların yerləşdirilməsi təklifidir ki, onun əsas məqsədi Vaşinqtonun sanksiya tətbiq etdiyi İranın ermənilərin işğal etdiyi və İranın qeyri-qanuni fəaliyyəti üçün istifadə etdiyi 132 km.lik İran-Azərbaycan sərhədinin Qarabağ hissəsinin beynəlxalq qüvvələr tərəfindən nəzarətə alınmasıdır. Həmin ərazi nəzarətə alınmazsa, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyanın effekti zəifləyəcək və Vaşinqtonun 6 trilyon xərclədiyi "Böyük Orta Şərq" layihəsi iflasa uğrayacaq. İran öz qeyri-leqal işlərini yenə də nəzarətsiz Qarabağın ermənilərin işğal etdiyi sərhəd xəttindən həyata keçirəcək.

Bütün bunların, o cümlədən, Horadizdə sərhədçilərimizə atılan güllənin Tehranın Vaşinqtona mesajı olduğunu istisna etmək olmaz. Yəni, bu, Qarabağda ABŞ-ın təşəbbüsü ilə beynəlxalq sülhməramlılar yerləşdirilməsi planına İranın demarşı ola bilər.

Nəzakət Məmmədova Politoloq,  Azvision.az üçün


Teqlər: İran   Sərhəd   Qarabağ   Ermənistan