Ukraynanın yeni səfiri Bakıya gəlib - XİN-də ilk görüş

   Ukraynanın yeni səfiri Bakıya gəlib  -  XİN-də ilk görüş
  12 Mart 2019    Oxunub:2131
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın ölkəmizə yeni təyin olunan səfiri Vladislav Kanevski ilə görüşüb.
Xarici İşlər Nazirliyindən (XİN) Azvision.az -a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Tərəflər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan ediblər.

Səfir V.Kanevski ölkəsinin Azərbaycan ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Vladislav Kanevskiyə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Vladislav Kanevski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Azvision.az


Teqlər: XİN   Ukrayna  





Xəbər lenti