200-dən çox sahibkar “Yaşıl dəhliz”dən istifadə hüququ qazanıb

200-dən çox sahibkar “Yaşıl dəhliz”dən istifadə hüququ qazanıb
  08 Mart 2019    Oxunub:1888
Dövlət Gömrük Komitəsində (DGK) “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək hüququ əldə edən və bu hüququn əldə olunması üçün müraciət edən sahibkarlarla görüş keçirilib.
DGK-dən Azvision.az -a verilən məlumata görə, görüşdə Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının nümayəndələri, sahibkarlar iştirak edib.

İ.Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli fərmanı idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, şəffaflığın təmin olunması, münbit biznes mühitinin yaradılması, könüllü riayət prinsipinin formalaşdırılması, ölkəmizin ixrac potensialının artırılması istiqamətində həyata keçirilən ən mühüm addımlardan biridir.

İ.Hüseynov vurğulayıb ki, görüşün məqsədi də Prezidentin fərmanına əsasən, bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” sistemi ilə bağlı bir daha sahibkarları məlumatlandırmaq, qanunvericilik və texniki yeniliklərə dair sualları cavablandırmaq, sistemin faydaları və tətbiqi ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Görüşdə o da qeyd edilib ki, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə bağlı 24 saat fəaliyyət göstərən işçi qrup yaradılıb və biznes subyektlərini maraqlandıran məsələlər dərhal araşdırılaraq cavablandırılması təmin edilir. İ.Hüseynov onu da bildirib ki, sistemdən istifadə hüququnun əldə edilməsi məqsədilə 500-dən artıq müraciət qəbul edilib və onlardan 200-dən çoxu müsbət cavablandırılıb.

DGK sədrinin birinci müavini “Yaşıl dəhliz” və gömrük sahəsində tətbiq edilən digər layihə və tətbiqlərin sahibkarlarla qarşılıqlı dialoq şəklində keçirilən görüşlərdə fikir mübadiləsi nəticəsində daha da təkmilləşəcəyini bildirib və bu görüşlərin mütəmadi şəkildə təşkil ediləcəyini diqqətə çatdırıb.

Görüşdə Komitənin mütəxəssisləri “Yaşıl dəhliz” sistemi, elektron mühitdə bu sistemdən istifadə qaydaları və digər məsələlərlə bağlı təqdimatlarla çıxış edib.

Sonda yeni layihə ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, sahibkarların sualları cavablandırılıb.

Azvision.az


Teqlər: DGK   Yaşıl-Dəhliz  





Xəbər lenti