Yevlaxda 65 ədəd partlamamış hərbi sursat tapılıb

  06 Mart 2019    Oxunub : 962
Yevlaxda 65 ədəd partlamamış hərbi sursat tapılıb
Yevlaxda 65 ədəd partlamamış hərbi sursat aşkar edilib.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, 2019-cu il 05 Mart tarixində saat 10:55-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Yevlax şəhəri, Aran qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə 2019-cu il 05-06 mart tarixlərində yuxarıda adı qeyd olunmuş ərazidə ferma sahəsinə baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd partlamamış hərbi sursat (PHS) və 123 ədəd təlim (tərkibində partlayıcı maddə olmayan) məqsədli mərmilər aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 50,000 kv.m (5 ha) əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 06 mart 2019-cu il tarixlərində 52 siqnal (əməliyyat çağırışı) əsasında 45 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Yevlax, Lənkəran şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,142 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 3 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 92,245 kv.m ərazi yerüstü və 6,092 kv.m ərazi yeraltı yoxlanılıb.

Azvision.az

Teqlər: ANAMA   Yevlax