Çaylarda biogen maddələrin miqdarı çoxdur

Çaylarda biogen maddələrin miqdarı çoxdur
  05 Mart 2019    Oxunub:1862
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevralda növbəti monitorinq keçirib.
Departamentdən Azvision.az -a verilən məlumata görə, fevralın üçüncü ongünlüyündə Kür çayında suyun sərfi ayın ikinci ongünlüyünə nisbətən saniyədə 24 kubmetr artaraq 151 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayının Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhrəmtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan çox olması müşahidə edilib.

Fevralın üçüncü ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2,2, Ağstafa su anbarının Qazax rayonunun Xanlıqlar kəndindən keçən hissəsində 1,1, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində 2,1, Araz çayı üzrə Horadizdə, Bəhrəmtəpədə və I Şahsevəndə 2-2,2 dəfə, biogen maddələrdən nitritlərin miqdarı isə 1,10-1,30 dəfə yol verilən qatılıq həddini keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70-6,40 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

Azvision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti