Azərbaycanda geoloji parklar yaradılır

Azərbaycanda geoloji parklar yaradılır
  05 Mart 2019    Oxunub:2180
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, qanuna yeni – XI-I fəsil əlavə edilir. Əlavə edilən 40-1 (Geoloji parkların və onların təşkili) maddəsinə əsasən, ekoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik ərazilərdir.

Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi istifadəsinə verilir. Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Geoloji parkların əsas vəzifələri aşağıdakılardır:

1. Geoloji və təbiət obyektlərini, nadir və etalon təbiət ərazilərini, geoloji irsi qoruyub saxlamaq,
2. Turizm və rekreasiya üçün şərait yaratmaq,
3. Elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirmək,
4. Təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək,
5. Əhalini maarifləndirmək,
6. Geoloji monitorinqi həyata keçirmək,
Geoloji parkların ərazilərində onların təbii geoloji xüsusiyyətləri nəzərə alınaraq, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları üzrə bölgüsü müəyyən edilir:
1. Xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar,
2. Geoturizm və rekreasiya zonaları, Geomuzeylər və tədris-məşğələ obyektləri zonaları,
3. Geoparkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istihsalat zonaları.
Qanunun qəbulundan sonra bir sıra geoloji parkların, o cümlədən “Qobustan palçıq vulkanları” geoloji parkının yaradılması nəzərdə tutulur. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti