“Söyüş kampaniyası” aparanlar İnterpol vasitəsilə tutulub gətirilməlidir - Siyavuş Novruzov

  05 Mart 2019    Oxunub : 2765
 “Söyüş kampaniyası” aparanlar İnterpol vasitəsilə tutulub gətirilməlidir - Siyavuş Novruzov
Bu gün xaricdən ölkəmizə qarşı davam etdirilən “söyüş kampaniyası” həm hüquqi müstəvidə, həm də Azərbaycan vətəndaşlarının ictimai qınağı vasitəsilə aradan qaldırılır. Təbii ki, söyüş kampaniyasında olanlar heç öz doğma valideynlərini eşitmirlər.
Azvision.az -ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, xarici təşkilatlar qrantları məhz o söyüşə görə verirlər.

"Çünki onlarda hər hansı bir təhlil aparmaq, təklif vermək qabiliyyəti və hər hansı bir məsələyə normal münasibət bildirmək düşüncəsi yoxdur. Bunlar Dağlıq Qarabağda törətdiyi cinayətlərə, soyqırımılarına görə Ermənistana qarşı bir kəlmə də olsun fikir söyləməyiblər. Əgər fikir söyləsələr, dərhal qrantları kəsiləcək. Onların hətta Ermənistanı təbliğ edərək guya orada demokratik ab-havanın yüksək səviyyədə olması barədə absurd fikirlər söyləmələri və insanlara müraciət etmələri Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanır. Bu şəxslər öz çıxışlarında anti-dövlət xarakterli fikirlər (silah yolu ilə üsyan, çevriliş etmək və s.) səsləndiriblər.

Təbii ki, bunlar hamısı Cinayət Məcəlləsinə tövsif olunur. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prokurorluğu cinayət işi qaldırmalıdır və İnterpol vasitəsilə həmin adamların tutulub gətirilməsi təmin olunmalıdır. Necə ki, bu proses artıq davam edir. Eləcə də onların Azərbaycan məhkəmələri qarşısında cavab verməsi təmin olunmalıdır. İkincisi, həmin ölkələrdə fəaliyyət göstərən və Azərbaycanda olan səfirliklərə müraciət olunmalıdır. Soruşulmalıdır, əgər onların hər hansı bir vətəndaşı Azərbaycan ərazisindən öz dövlətlərinə qarşı “söyüş kampaniyaları” aparardılarsa, onlar hansı addımı atardılar? Hesab edirəm ki, bu məsələlər onların diqqətinə çatdırılmalıdır. Üçüncü yol isə ictimai qınaqdır. Azərbaycan xalqı kifayət qədər savadlı xalqdır".

Millət vəkili bildirib ki, Azərbaycanın kifayət qədər tanınmış insanları var: "Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü oldu. Orada qaldırılan məsələlərin hər biri dərhal öz həllini tapdı. Amma bu günə qədər xaricdə oturanlar hələ bir məsələ qaldırmayıblar. Onlar ağızları söyüşlə açılıb-bağlanır, o şəxslər həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Xaricdən ölkəmizə gələnlərin hər biri görür ki, Azərbaycanda nə qədər inkişaf vardır. Heç şübhəsiz ki, onların burada oturan əlaltıları – “sapı özümüzdən olan baltaları” da qaldırılan məsələlərin öz həllini tapmasına görə əndişələnirlər".

Azvision.az

Teqlər: YAP   Siyavuş-Novruzov