Komitə sədri: “Dini-tarixi abidələrin bir qismi erməniləşdirilib”

      Komitə sədri:    “Dini-tarixi abidələrin bir qismi erməniləşdirilib”
  05 Mart 2019    Oxunub:1957
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı martın 4-də ölkəmizdə səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Azvision.az xəbər verir ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədri ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, tolerantlıq mühiti, DQİDK-nın fəaliyyət istiqamətləri barədə danışıb.

Bildirib ki, bu gün dinlər və sivilizasiyalararası dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Liderimiz Heydər Əliyevin müdrükcəsinə formalaşdırdığı dövlət din siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahədə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Azərbaycanda dini etiqad azadlığının qanunla təsbit edildiyini diqqətə çatdıran Mübariz Qurbanlı ölkəmizdə 32-si qeyri-islam təmayüllü olmaqla 908 dini qurumun dövlət qeydiyyatından keçdiyini deyib. O, formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər sayəsində respublikamızda 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini qeyd edib. Mütəmadi olaraq müxtəlif dinlərə məxsus ibadətgahların inşa və bərpa edildiyini, dini icmalara maliyyə yardımları ayrıldığını deyib.

Prezident İlham Əliyevin Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan edildiyini bildirən Komitə sədri Qafqaz Müsəlmanları İdarəsi ilə birgə dünyanın müxtəlif yerli və beynəlxalq tədbirlər təşkil edildiyini qeyd edib. Bu istiqamətdəki işin davamı olaraq sabah Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçiriləcək beynəlxalq konfransın əhəmiyyətinə toxunan Komitə sədri Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini bildirib.

Görüş zamanı Azərbaycan həqiqətləri barədə də danışan Mübariz Qurbanlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edildiyini, bir qisminin isə erməniləşdirildiyini diqqətə çatdırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer vurğulayıb ki, Azərbaycan nümunəvi dinlərarası dialoq, birgəyaşayış modeli sərgiləyir və bu təqdirəlayiq haldır. O, bu fikirləri Prezident İlham Əliyevlə bugünkü görüşündə məmnuniyyətlə dilə gətirdiyini qeyd edib. M. Şnayer bu mühitin qorunması, təbliğ və təşviq edilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xüsusi rolu olduğunu deyib.

“İqls Vinqs” yevangelik təşkilatının icraçı direktoru, yepiskop Robert Störns Azərbaycanda mövcud olan dinlərarası harmoniyanın, qarşılıqlı etimad mühitinin, bu sahədə əldə edilən nailiyyətlərin artıq bütün dünyada etiraf edilən həqiqət olduğunu bildirib.

Sonda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.

Azvision.az


Teqlər: Mübariz-Qurbanlı   Dini-Komitə  





Xəbər lenti