Prezidentin təşəbbüsü ilə yaradıcılıq ittifaqları üçün şəhərcik salınır

 Prezidentin təşəbbüsü ilə yaradıcılıq ittifaqları üçün şəhərcik salınır
  02 Mart 2019    Oxunub:6000
Şabran rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə yaradıcılıq ittifaqları üçün şəhərcik salınır.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Prezident İlham Əliyevin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündəki çıxışında bildirib ki, bu, ilk belə mərkəz olacaq. Layihə rəhbəri Cahangir Məmmədrzayev bildirib ki, şəhərciyin tikintisi üçün səfalı havası və qədim xalçaçılıq ənənələri ilə məşhur olan Pirəbədil kəndində 12,6 hektar ərazi ayrılıb. Hazırda tikinti ərazisində axtarış və ölçüləndirmə işləri həyata keçirilir. Layihənin konsept forması hazırdır. Bundan sonra şəhərciyin eskiz, işçi və əsas layihəsi hazırlanacaq. Layihələndirmə tamamlandıqdan sonra şəhərciyin tikintisinə start veriləcək.

İlkin plana əsasən, şəhərcikdə əsas bina və otel inşa ediləcək. Otel binası bir neçə korpusdan ibarət olacaq. Bundan əlavə, şəhərcikdə açıq havada amfiteatr, kotteclər, konfrans zalı, poeziya mərkəzi, restoran, SPA mərkəzi, böyük hovuz, idman meydançaları, uşaq-əyləncə mərkəzləri, avtomobil dayanacağı və başqa xidmət obyektləri olacaq.

Yaradıcılıq ittifaqları üçün tikilən şəhərciyə gediş-gəliş də rahat olacaq. Belə ki, şəhərcik Prezident İlham Əliyevin Sərəncamı yeni salınmış Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun kənarında yerləşəcək.(AzərTac)

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti