Naxçıvanda 11330 nəfərin pensiyası 160 manat oldu

Naxçıvanda 11330 nəfərin pensiyası 160 manat oldu
  02 Mart 2019    Oxunub:2938
Naxçıvan Muxtar Respublikası üzrə 4357 nəfər yaşa görə, 6560 nəfər əlilliyə görə, 413 nəfər ailə başçısını itirməyə görə, ümumilikdə isə 11 330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçıların pensiyalarının məbləği 160 manata çatdırılacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan Azvision.az -a verilən məlumata görə, pensiyanın minimum məbləğinin artımı bir qayda olaraq 1 mart 2019-cu il tarixindən hesablanacaq və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindın qanunvericiliyə uyğun plastik bankomat kartları və poçt şöbələri vasitəsi ilə pensiyaçılara ödəniləcəkdir.

Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən cari ilin 10 ayı üzrə hər ay orta hesabla 267 min manat əlavə vəsait yönəldiləcəkdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixdə imzaladığı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Fərmana əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il martın 1-dən artırılıb. Fərmana əsasən əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün növ əmək pensiyaçılarının pensiyaları 160 manata çatdırılıb.

Azvision.az


Teqlər: Pensiya   Naxçıvan  





Xəbər lenti