“İçməli sudan təkrar istifadə edilməlidir” - Nazirliyin şöbə müdiri

  02 Mart 2019    Oxunub : 1896
 “İçməli sudan təkrar istifadə edilməlidir” - Nazirliyin şöbə müdiri
"İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən faiz su azalması müşahidə ediləcək"

Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, bu gün çaylarımızda suyun azalmasının təzahürləri görünür.
"Gələcəkdə hər bir vətəndaş sudan səmərəli istifadə etməlidir, tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalıdır, çayların ekoloji axını bərpa edilməlidir. Suyun götürülməsinin uçotu aparılmalıdır, yaşıl, suya qənaetedici texnologiyalardan istifadə olunmalıdır. Bu gün suvarmaya istifadə edilən suyun 50 faizə qədəri itkiyə yol verilir. Dünyada damcılı, çiləmə suvarmadan istifadəyə keçirilir. Azərbaycanda da bu istiqamətdə addımlar atılır".

M.Əbdülhəsənov qeyd edib ki, iqlim dəyişmələrinin içməli su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinə qarşısı su anbarları tikilir: "Azərbaycanda suyun 30 faizi daxili çaylar hesabına formalaşır, 70 faizi kənardan çirklənmiş halda gəlir. Biz buna hazır olmalıyıq. Taxtakörpü su anbarı, Tovuz su anbarı, Şəmkirçay su anbarı bu günün iqlim dəyişmələrindən yarananan fəsadlara yönəlib. Bu, eyni zamanda qonşu ölkələrdən olan təhdidlərə qarşıdır".

Sektor müdiri əlavə edib ki, içməli sudan qənaətlə və lazım gələndə təkrar istifadə edilməlidir: "Azərbaycanda su mənbələrindən 12 milyard kub metr su götürülür, onun 8 milyardı istehlakçılara verilir, 4 milyardı yolda, su kanallarında itir. Bu sahədə suvarma sistemlərinin tam müasirləşdirilməməsi nəticəsində böyük itkilər yaşanır. Tullantı sularını təmizləyib dənizə atırıq, amma biz ondan istifadə edə bilərik. Abşeronda kifayət qədər yaşıllaşdırılmalı ərazilərimiz var və bu sulardan istifadə oluna bilər.

Hövsanda böyük ərazini sudan təkrar istifadə edərək suvarırıq və bu, böyük effekt verir. Bunun digər yerlərdə də tətbiqinə hazırlaşırıq. Salyan rayonunun Xıdırlı kəndində Şirvan kollektorunun suyundan təkrarən istifadə olunur və yaxşı nəticələr əldə edilir. Xəzər dəniz suyunun duzsuzlaşdırılması üçün texnologiya quraşdırmışıq. Texnologiya mənimsənilib, Azərbaycan mütəxəssisləri tərəfindən tətbiq olunur. Bu, su Ələt-Şirvan yolunda yaşıllıqların suvarılmasında istifadə olunur".

Aytən Zəhra
Azvision.az

Teqlər: ETSN