Şeyx Qaraçay-Çərkəzdə ordenlə təltif edilib

Şeyx Qaraçay-Çərkəzdə ordenlə təltif edilib
  27 Fevral 2019    Oxunub:1373
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə olub.
QMİ-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın paytaxtı Çerkessk şəhərinin hava limanında A.Paşazadə və onu müşayiət edən şəxslər səmimi qarşılanıb.

Çerkesskə səfər çərçivəsində QMİ sədri Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov tərəfindən qəbul edilib. Şeyxülislamı səmimi salamlayan respublika rəhbəri Azərbaycana bu yaxınlarda etdiyi səfərin xoş təəssüratlarını bölüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qaraçay-Çərkəz respublikasının başçısı Rəşid Temrezova çatdıran A.Paşazadə iki xalq arasında qarşılıqlı görüş və səfərlərin böyük önəm daşıdığını, ölkələrimiz arasında dostluq, qardaşlığın dərinləşməsinə, həyatın bütün sahələrində - iqtisadi və mədəni-mənəvi müstəvilərdə əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. Fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönümünün geniş şəkildə qeyd olunduğu barədə danışan A.Paşazadə, XX əsrdə erməni ekstremistləri tərəfinfən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətinin dünyada tanıdılmasının vacibliyinə diqqəti çəkib.

Qaraçay-Çərkəz respublikasının başçısı R.Temrezov QMİ sədri A.Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə "Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edib.

A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısının keçirilməsi barədə respublika rəhbərinə məlumat verib və bildirib ki, bu dəfəki toplantı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubileyinə həsr olunub.

Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev görüşdə iştirak edib.

Daha sonra Çerkessk şəhərində QXADŞ-nın növbəti iclası keçirilib. QMİ sədri Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevi anadan olmasının 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, bütün Qafqaz müsəlmanları, bölgə dindarları adından ona cansağlığı, uzun ömür və dəyərli fəaliyyətində yeni uğurlar arzulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin yubilyara təbrik məktubunu oxuyan A.Paşazadə təbriknaməsini və hədiyyəsini müftiyə təqdim edib.

QXADŞ-nın üzvləri olan Şimali Qafqaz müftiləri adından Şimali Osetiya-Alaniya Müftisi Hacımurat Qatsalov, habelə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr çıxış edərək müfti İ.Berdiyevin dini lider və Əlaqələndirmə Mərkəzinin sədri qismində fəaliyyətini qiymətləndirərək, xidmətlərini sadalayaraq ona gələcək işlərində uğurlar diləyiblər.

Azərbaycan nümayəndə heyətində təmsil olunan Milli Məclisin deputatı Hüseynbala Mirələmov müfti İsmayıl Berdiyevin Azərbaycanla Qaraçay-Çərkəz xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi işinə verdiyi töhfələri hər iki xalqın yüksək dəyərləndirdiyini bildirərək, yubilyara ümumqafqaz əhəmiyyətli fəaliyyətində yeni nailiyyətlər diləyib.

İclasda QXADŞ-nın bu ilin yanvarında Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə şuranın sədri A.Paşazadə çıxış edib. Şuranın iclasında, həmçinin, cari məsələlər, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Qaraçay-Çərkəz Respublikasına səfərdə Azərbaycan nümayəndə heyəti tərkibində Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşir Paşazadə və Hikmət Məmmədov iştirak ediblər. Səfər başa çatıb.

Azvision.az


Teqlər: Şeyx   Qaraçay-Çərkəz  





Xəbər lenti