“Xocalı soyqırımı ilə bağlı 4470 zərərçəkmiş dindirilib” - Hərbi prokuror

“Xocalı soyqırımı ilə bağlı 4470 zərərçəkmiş dindirilib” -    Hərbi prokuror
  25 Fevral 2019    Oxunub:2574
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Hərbi Prokurorluğunun inzibati binasındakı Memorial Soyqırımı Muzeyində keçirilən tədbirdə Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Hərbi Prokurorluğun əməkdaşları, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı Rayon İcra Hakimiyyəti əməkdaşları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni, MQF-nin əməkdaşları, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra konfrans iştirakçıları Memorial Soyqırımı Muzeyini ziyarət ediblər. Onlara muzey və burada saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Daha sonra Xocalı soyqırımı qurbanları barədə məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Konfransı açıq elan edən hərbi prokuror Xanlar Vəliyev Xocalı soyqırımına ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncamdan, eləcə də həmin sənədin icrasından irəli gələn vəzifələrdən bəhs edib. Tarix boyu Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımlar, terror aktları və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş xüsusilə ağır cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Xanlar Vəliyev bu barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən genişmiqyaslı işlərdən söz açıb. Həmin müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq şəhərə zirehli texnika yeridilməsindən, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından danışan Xanlar Vəliyev Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın xüsusi amansızlıqla qətlə yetirildiyini, 487 nəfər dinc sakinin ağır yaralandığını və 1275 nəfərin isə girov götürüldüyünü bildirib. Hərbi Prokuror, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya Ədalət” kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən səmərəli fəaliyyətdən, sistemli və ardıcıl tədbirlərdən danışıb.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırımı törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlər boyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlər ilə nəticələnib. Azərbaycan Respublikasının işğal altındakı ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik respublika hərbi prokuroruna həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb. Xocalı soyqırımı ilə bağlı aparılan cinayət təqibi zamanı 7 minədək istintaq hərəkəti həyata keçirilib, o cümlədən 1771-i şahid və 2699-u zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertiza keçirilib, digər istintaq hərəkətləri icra olunub.

Anım tədbirində Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, MQF-nin prezidenti Rauf Zeyni, vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxışlarında bəşər tarixində ən dəhşətli qətliamlardan olan Xocalı soyqırımı barədə ətraflı məlumat veriblər.

Çıxışlardan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təşəbbüsü ilə hazırlanan “Əsrin faciəsi” videoçarxı nümayiş etdirilib.

Konfransa yekun vuran Xanlar Vəliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində aparılan səmərəli təbliğat işləri nəticəsində dünya ictimaiyyətinin əsl gerçəklikləri artıq yaxşı dərk etdiyini vurğulayıb. Hərbi Prokuror Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli siyasi iradəsi sayəsində işğal altındakı torpaqlarımızın azad ediləcəyi və xalqımıza qarşı xüsusilə ağır cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyi günün uzaqda olmadığını bildirib.

Azvision.az


Teqlər: Hərbi-Prokurorluq   Xocalı  





Xəbər lenti