Naftalanda köçkünlər tibbi müayinədən keçib

Naftalanda köçkünlər tibbi müayinədən keçib
  25 Fevral 2019    Oxunub:1541
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 25-də Naftalan şəhərində məcburi köçkünlərin tibbi müayinəsi keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, tibbi aksiyanın təşkilində məqsəd məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etmək imkanı yaratmaqdır. Sağlam vətəndaş – sağlam cəmiyyət, sağlam cəmiyyət – güclü və qüdrətli dövlət deməkdir. Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün təsirli tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.

Məcburi köçkünləri müayinə etmək məqsədilə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından ezam olunmuş 20 nəfərdən ibarət həkim briqadasının öz işini yüksək səviyyədə yerinə yetirməsi üçün Naftalan Şəhər Mərkəzi Xəstəxanasında zəruri şərait yaradılıb. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxana ötən ilin iyununda istifadəyə verilib.

Naftalan şəhərində müayinəyə burada və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər cəlb ediliblər. Bundan əvvəl məcburi köçkünlər üçün tibbi aksiyalar Bakının Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində, Müşfiq qəsəbəsində, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində təşkil edilib. Belə aksiyalar digər bölgələrdə də keçiriləcəkdir.

Azvision.az


Teqlər: Köçkün   Tibbi-müayinə  





Xəbər lenti