Bakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirildi

  22 Fevral 2019    Oxunub : 997
 Bakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirildi
Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkiyə Respublikası tərəfindən isə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik ediblər.

R.Həsənov iki dost və qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluğunu ifadə edib.

S.Önal Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib. Bu xüsusda, tərəflər münasibətlərin inkişafında diplomatik nümayəndəliklərin fəaliyyətini xüsusilə qeyd ediblər.

Eyni zamanda tərəflər iki ölkə arasındakı əməkdaşlıq əlaqələrində üçüncü ölkələrin iştirakının əhəmiyyətinə toxunaraq müxtəlif səviyyələrdə keçirilən üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyinə diqqət çəkiblər. Habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstəyin əhəmiyyətinə vurğu edilib.

R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyətinə dair ətraflı məlumat verib, Türkiyənin münaqişənin ədalətli həlli istiqamətindəki mövqeyinə görə minnətdarlıq ifadə edib.

Görüş zamanı ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: XİN   Türkiyə