Almanlar Trampın ölkəsindən qorxurlar – Sorğu

 Almanlar Trampın ölkəsindən qorxurlar –    Sorğu
  22 Fevral 2019    Oxunub:1721
2019-cu ildə Almaniya vətəndaşları daxili problem və təhlükələrdən çox, xaricdən gələn təhdidlərdən qorxurlar. Onların sırasında Almaniyanın yaxın müttəfiqi ABŞ-ın sərgilədiyi davranışları almanlarda daha çox narahatlıq yaradır.
Azvision.az xəbər verir ki, bunu Kölndəki Strategiya və Yüksək Liderlik Mərkəzinin direktoru Klaus Şvaynsberq 2019-cu il üzrə tərtib edilən “Təhlükəsizlik haqqında illik hesabat”a istinadən bəyan edib. 2011-ci ildən etibarən hər il aparılan sosial sorğulara uyğun olaraq hazırlanan bu hesabatda Almaniyaya qarşı təhdidlər və onların miqyası barədə vətəndaşların mövqeyi analiz edilir.

“Vəziyyət belədir ki, almanların əksəriyyəti Donald Trampın rəhbərliyi altındakı ABŞ-ı dünya və eləcə də Almaniya üçün ən böyük təhdid kimi görürlər. 2018-ci ildə təhdidlər sırasında birinci Şimali Koreya gəlirdi. Ondan əvvəl isə bu yeri Rusiya və İran tuturdular. Almanlar bəzi dövlət başçılarının gözlənilməz davranışlarından olduqca narahatdırlar. ” – Şvaynsberq vurğulayıb.

Direktor bildirib ki, ABŞ-ın İranla nüvə sazişindən və orta mənzilli raketlərin ləğvinə dair sazişlərdən çıxması, Əfqanıstan və Suriyadan qoşunlarını geri çəkəcəyinə dair verdiyi vədlər, həmçinin, Trampın Almaniya istehsalı olan avtomobillərin idxalına əlavə tariflər qoyacağı ilə bağlı təhdidləri almanlarda ciddi təşviş yaradır.

“Təhlükəsizlik haqqında illik hesabat”a əsasən, almanların 70%-i Avropa və beynəlxalq siyasətdə baş verənlərə görə narahatlıq keçirirlər. Bununla belə, ölkə vətəndaşlarının yalnız 14%-i Almaniyanın beynəlxalq arenada hərbi iştirakını artırmasının tərəfdarıdır. Almanların 50%-i isə “Vahid Avropa Ordusu”nun yaradılmasının lehinə olduqlarını deyiblər ki, bu da əvvəlki göstəricilərdən çoxdur.

Klaus Şvaynsberqə görə, ümumavropa ordusunun yaradılmasına artan bu istək, Avropada qoruyucu faktor kimi NATO-ya qarşı məyusluğun sübutudur.

Sorğu nəticəsində əldə olunan maraqlı faktlardan biri də odur ki, Almaniyanın qərbindən fərqli olaraq (45%), şərqindəki əhali Rusiyanın beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaratmadığını düşünürlər (21%).

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İran   Almaniya   ABŞ   Rusiya  





Xəbər lenti