Gömrük Akademiyası yeni bina ilə təmin ediləcək

  22 Fevral 2019    Oxunub : 1084
 Gömrük Akademiyası yeni bina ilə təmin ediləcək
"Təəssüflər olsun ki, 2009-ci ildən bakalavr pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirilib"
Azvision.az -ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov bildirib. Onun sözlərinə görə, ləğv olunan ixtisaslar arasında gömrük işi ixtisası da var: "Həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırıldı. Nazirlər Kabinetinin bu qərarından sonra prezidentin sərəncamı ilə akademiya yaradıldı. 2014-cü ildə akademiya fəaliyyətə başladı".

Q.Novruzov təəssüflə qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb: "Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, adiyyatı orqanlar bu işə konstruktiv yanaşacaq. Onu da deyim ki, bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü şəkildə fərqlənir".

O, həmçinin bildirib ki, akademiyanın yeni binası olacaq: "Dövlət Gömrük Komitəsinin Akademiyası yaxın bir ildə yeni bina ilə təmin ediləcək".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Gömrük   Akademiya