Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olundu - Yenilənib

  20 Fevral 2019    Oxunub : 1470
 Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olundu - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb.

Azvision.az xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edildi, bu baxımdan Məşvərət Şurasının toplantılarının önəmi vurğulandı.
Prezident İlham Əliyev bu layihənin icrasında Avropa İttifaqının fəal iştirakını və rolunu qeyd etdi, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirdi.

Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etməkdən məmnunluğunu bildirdi, layihənin icrasında Azərbaycan tərəfindən peşəkar komandanın fəal çalışdığını vurğuladı. Qonaq bu layihənin uğurlu icrasında Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirdi.

Dövlətimizin başçısı Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də uğurla həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev