Nazir ödəmələrin gecikdirilməsinə münasibət bildirdi

  19 Fevral 2019    Oxunub : 985
 Nazir ödəmələrin gecikdirilməsinə münasibət bildirdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsinin gecikdirilməsi ilə bağlı fikirlərə aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, nazir Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə gecikmənin şəhidlərlə bağlı sənədlərin toplanması ilə əlaqələndirib.

Nazir bildirib ki, məsələ barədə ötən ilin oktyabr ayının sonunda ilkin məlumat toplanıb və işlərə start verilib: "Müraciətlər toplanandan sonra noyabrdan etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sığorta şirkəti ilə iş aparıldı. Ümumi siyahının təsdiq olunması üçün məlumatlar toplanıldı. Yekun qərarda 2700-dən artıq insanın sənədləri bir araya gətirildi".

Proqramın hazırlanması üçün prosesin 3 ay çəkdiyini xatırladan S.Babayev qeyd edib ki, 3000-ə yaxın insanın sənədlərin toplanması asan məsələ deyil: "Biz hər bir sənədə bir-bir baxırdıq. Daxili İşlər Nazirliyi arxivlərindən 461 polis şəhidinin məlumatlarını bizə təqdim etdi. Bunu ona görə açıqlayıram ki, adətən pərdə arxasında olan iş tam olaraq məlum olmur. Ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında çıxışı zamanı sənədlərin toplanıldığını və işlər yekunlaşdıqdan sonra qərar veriləcəyini bəyan etmişdi".

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev