Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində

Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində
  19 Fevral 2019    Oxunub:1547
ABŞ-ın Los Anceles şəhərində keçirilən “Los Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub. Təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azvision.az -a verilən məlumata görə,Baş Konsulluq tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmiz haqqında müxtəlif bannerlər, broşürlər, kitab və jurnallar vasitəsilə sərgi iştirakçılarına geniş məlumat verilib. Sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələri, turizm imkanları, eyni zamanda zəngin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat əldə ediblər. Həmçinin stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib.

Bundan başqa, Los Ancelesdə yaşayan Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlərimiz, milli mətbəximizdən nümunələr sərgi ziyarətçilərində xüsusi maraq oyadıb. Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Stenddə quraşdırılmış, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiəti ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Kilsəsi kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən şəkillər əks olunub.

Həmçinin, Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla, Qarabağa dair müvafiq kitabça dərc olunaraq, sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti