Deputatlarımız ATƏT PA-nın sessiyasına gedir

  18 Fevral 2019    Oxunub : 869
Deputatlarımız ATƏT PA-nın sessiyasına gedir
Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 23-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq.
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildirlər.

Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında “Uzanan münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri”, “ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində effektiv idarəetmə”, “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.

Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ATƏT PA-nın İpək Yoluna dəstək qrupunun tədbirlərinə qatılacaq, Avstriyanın İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına xidmət edən “Twin-Continent-1520” adlı yeni innovativ layihəsi ilə tanış olacaqlar.

Həmçinin Vyanada İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası keçiriləcək. Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev son bir ildə görülən işlər və gələcək fəaliyyət haqqında məlumat verəcək. İclasda İtaliyanın qrupa üzvlük haqqında etdiyi müraciət, qurumun bu il təşkil edəcəyi beynəlxalq İpək Yolu konfranslarına hazırlıq və digər məsələlər müzakirə olunacaq.

Azvision.az

Teqlər: MM   ATƏTPA