Boşanmaların qarşısını almaq üçün təkliflər irəli sürüldü

Boşanmaların qarşısını almaq üçün təkliflər irəli sürüldü
  16 Fevral 2019    Oxunub:2444
Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda ictimai dinləmə keçirilib.
Azvision.az xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Aqiyə Naxçıvanlı milli mentalitetimizdən, Azərbaycan dövlətində ailə institutuna verilən dəyərdən danışıb. Müasir ailələrdə boşanmalar, məişət zorakılığı və s. kimi problemlərin qarşısını almaq üçün qanunvericilik sahəsində görülən işlərdən söz açıb. Bildirib ki, ictimai dinləmədən məqsəd bu sahədəki hüquqi bazanı daha da təkmillləşdirməkdir.

“Sağlam ailə modelinin qorunması və ailə institutunun dayanıqlı inkişafı” barədə məruzə edən Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov mövcud qanunvericiliyin yaratdığı imkanlardan söhbət açıb. “İcbari sığorta haqqında” qanunun əhəmiyyətini vurğulayıb. Komitə sədri diqqətə çatdırıb ki, nikahdan öncə tərəflərin mütləq qaydada tibbi müayinədən keçməsi sayəsində son 3 ildə ölkəmizdə talassemiya, hemofiliya kimi qan xəstəlikləri ilə dünyaya gələn uşaqların sayı 45 faiz azalıb. Bu sessiyada qəbul edilməsi nəzərdə tutulan “Reproduktiv sağlamlıq haqqında” qanun da ailə modelinin qorunmasında mühüm rol oynayacaq.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Müasir ailə modelinin təməl prinsipləri” mövzusunda geniş məruzə edib. Azərbaycan ailəsinin tarixən formalaşmış modelindən söz açıb, bugünkü problemlərə toxunub, təkliflərini deputatların nəzərinə çatdırıb. Milli Məclisdə qəbul edilən bir sıra qanunlara, o cümlədən “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanuna görə minnətdarlığını bildirdi.

İctimai dinləmədə gənc nəslə ailə dəyərlərinin aşılanması vacibliyindən bəhs edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bu istiqamətdə komitənin gördüyü işlər və gələcək planları barədə məlumat verib. Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Gənclər siyasəti haqqında” qanuna mühüm dəyişikliklər edildiyini bildirib.

Sonra dinləmədə boşanmalar, qeyri-rəsmi nikahlar, erkən nikahlar, məişət zorakılığı kimi problemlər barədə geniş fikir mübadiləsi aparılıb. Deputat Tahir Rzayev ailənin qorunmasında mənəviyyatın mühüm rolu olduğunu söyləyib. İcra hakimiyyəti strukturlarının və QHT-lərin nümayəndələri meditasiya haqqında qanun qəbul edilməsi vacibliyini vurğulayıblar. Ailə dəyərlərinin qorunmasında TV və KİV-lərin öhdəsinə mühüm vəzifə düşdüyü qeyd olunub. Boşanmaların artmasında internet və sosial şəbəkələrin xeyli payı olduğu bildirilib. Bir sıra təkliflər irəli sürülüb. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov milli-mənəvi dəyərlərin qorunub saxlanması vacibliyindən danışıb.

İctimai dinləmənin mövzusuna hüquqi prizmadan nəzər salan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev Azərbaycan ailə modelini konstitusiya müstəvisində şərh edib, Avropa ölkələrinin təcrübəsi ilə müqayisəli təhlillər aparıb.

Azvision.az


Teqlər: MM   İclas  





Xəbər lenti