Münhendə Azərbaycan-Aİ əlaqələri müzakirə edilib

  15 Fevral 2019    Oxunub : 972
Münhendə Azərbaycan-Aİ əlaqələri müzakirə edilib
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə energetika naziri Pərviz Şahbazov da iştirak edib.

Tərəflər Azərbaycan və Aİ arasındakı müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Daha sonra tərəflər Azərbaycan və Aİ arasında mövcud olan strateji tərəfdaşlığın hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə aparılan danışıqlara toxunublar. Bu xüsusda, sözügedən saziş üzrə danışıqların yekunlaşmasının əhəmiyyəti qeyd edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyəti haqqında Aİ komissarına məlumat verən nazir E.Məmmədyarov, münaqişənin həllinin regionda inkişaf üçün müvafiq şərait yaradacağını və rifah naminə sülhü təmin edəcəyini vurğulayıb.

Həmçinin Aİ ilə Azərbaycan arasında enerji sahəsində qarşılıqlı faydalı və strateji əməkdaşlıq məsələləri müzakirə edilib. Energetika naziri P.Şahbazov Aİ Komissarı Y.Han ilə enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında faydalı fikir mübadiləsi aparıb.

Azvision.az

Teqlər: XİN   Məmmədyarov