Komitə sədri Mərakeş səfiri ilə görüşüb

Komitə sədri Mərakeş səfiri ilə görüşüb
  15 Fevral 2019    Oxunub:2054
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb.
Komitədən Azvision.az -a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinə toxunan Dövlət Komitəsinin sədri bu əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daima bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edən Mübariz Qurbanlı Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Söhbət zamanı respublikamızdakı dinlərarası harmoniya, tolerantlıq və həmrəylik mühiti barədə danışan Komitə sədri bildirib ki, dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müdrükcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyanı uğurla yerinə yetirir. Prezident İlham Əliyevin böyük tarixə malik dini məbədlərimizin bərpası, dini icmalara qayğısı sahəsində ardıcıl tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir. Vurğulanıb ki, kəskin ziddiyyətlərin tüğyan etdiyi zamanda Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi ideyaları yayır. Prezident İlham Əliyevin Azərbaycanda 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi ilə müsəlman ölkələri, o cümlədən sülhpərvər bəşəriyyət üçün yeni platforma yaradılıb. Dövlət Komitəsinin sədri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasında qardaşlıq və birlik dəyərlərinə xidmət etdiyini bildirib. O, bu istiqamətdə işlərin davam etdirildiyini, müvafiq qurumların, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində tədbirlər keçirildiyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasının artıq bütün dünyanın etiraf etdiyi həqiqət olduğunu vurğulayıb. Səfir İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürən Azərbaycanın bu təşəbbüsünün təqdirəlayiq hal olduğunu və müsəlman aləmində dəstəkləndiyini deyib. Həmçinin M.A.Embarş Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutunun Mərakeşin müvafiq təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Eyni zamanda, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, iki ölkə arasında dini-mədəni əlaqələrin gücləndirilməsinin əhəmiyyəti və gələcəkdə birgə tədbirlərin, konfransların, sərgilərin keçirilməsinə dair müzakirələr aparılıb.

Sonda qonağa Dövlət Komitəsinin ingilis və ərəb dillərində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Azvision.az


Teqlər: Mübariz-Qurbanlı  





Xəbər lenti