Agentlik və Komitə arasında memorandum imzalanıb

Agentlik və Komitə arasında memorandum imzalanıb
  15 Fevral 2019    Oxunub:1539
Bakı Nəqliyyat Agentliyi (BNA) ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi (ARMPK) arasında memorandum imzalanıb.
BNA-dan Azvision.az -a verilən məlumata görə, sənədi Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi prezidenti İlqar Rəhimov imzalayıblar. Sənəd, Agentlik və Komitə arasında nəqliyyat dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir. Memoranduma əsasən BNA Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin edəcək. Bundan əlavə, 10-15 may 2019-cu il tarixləri ərzində ölkəmizdə keçirilən beynəlxalq “Bakı 2019 Qran-Pri” yarışında xarici və yerli idmançıların nəqliyyat vasitəsi ilə təmin edilməsini BNA öz üzərinə götürür.

Tədbirdə çıxış edən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli fiziki imkanları məhdud şəxslər üçün nəqliyyat xidmətlərinin əlçatan olması ilə bağlı görülən işlərdən danışıb. Vurğulayıb ki, əhaliyə, xüsusən də fiziki imkanları məhdud şəxslərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqət mərkəzindədir.

Dövlət başçısının tapşırığına əsasən Agentlik tərəfindən son üç ildə bu istiqamətdə mühüm layihələr həyata keçirilib. Əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə avtobuslarda uyğun şəraitin olmasına dair tələblər müəyyənləşdirilib.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi prezidenti İlqar Rəhimov isə nəqliyyat xidmətlərinin əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Görülən işlər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. Bu işlərin həyata keçirilməsində Milli Paralimpiya Komitəsinin mütəxəssislərinin yaxından iştirak etməyə hazır olduğu qeyd edilib.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti