Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təqdim olundu - FOTOLAR

  14 Fevral 2019    Oxunub : 1516
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təqdim olundu - FOTOLAR
Aqrar Tədqiqatlar Mərkəzində “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin (EKTİS) media üçün təqdimatı keçirilib.
Azvision.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, EKTİS Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini özündə ehtiva edən, daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir.



Nazir müavininin sözlərinə görə, yeni təqdim olunan sistem şəffaflıq və operativlik baxımından fermerlərin və kənd təsərrüfatı məhsullarının ilkin mər­hələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların for­ma­laş­dı­rıl­masını özündə ehtiva edir. “Bu informasiya sistemində kənd təsərrüfatı proseslərinin düzgün həyata keçirilməsi və inkişafını təmin etmək üçün nəzarət mexanizmlərinin qurulması, habelə real vaxt rejimində proseslərin izlənilməsi imkanları mövcuddur. Sistemin əsas hədəfləri aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığın və operativliyin artırılması, aqrar sektorda dövlət siyasətinin həyata keçirilməsinə innovativ dəstəkdir. Bundan başqa istifadəyə verilən sistem torpaq və digər təbii resursların idarə edilməsi və səmərəli istifadəsinə imkan yaradacaq, ərzaq təhlükəsizliyinin təmin olunmasını dəstəkləyəcək, informasiya və məsləhət xidmətlərinin effektivliyinin yüksəldilməsini dəstəkləyəcək” – deyə nazir müavini bildirib.



Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyinin informasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri Nail İsmayılov EKTİS-in strukturu, məlumat tərkibi barədə media nümayəndələrini məlumatlandırıb. Nail İsmayılov bildirib ki, təqdim olunan informasiya sistemi elektron xidmətlərin göstərilməsində iştirak edən əsas elektron reyestrləri əhatə edir. Buraya məlumatların daxil edilməsi, fermerlə nazirlik arasında elektron əlaqənin qurulması, elektron xidmətlərin göstərilməsi, kənd təsərrüfatı subyektlərinin sistemdən sərbəst istifadəsi, yerli idarə və nazirlik əməkdaşlarının proseslərə nəzarət və idarə edilməsi və s. daxildir. O əlavə edib ki, fermerlərin EKTİS-dən daha rahat istifadə etməsi üçün mobil applikasiyalar yaradılıb və hər bir fermer bu applikasiyaları telefona yükləyərək istifadə edə bilər.



Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov isə EKTİS-on mövcud funksionallığı, bu sistemin istifadəyə verilməsinin fermerlər üçün yaratdığı üstünlüklər barədə danışıb. O qeyd edib ki, EKTİS xidmətləri fermerlər üçün daha əlçatan edəcək. Toğrul Cəfərov bildirib ki, yeni sistem aqrar fəaliyyətlə bağlı yeni məlumat bazasının formalaşdırılmasına imkan verəcək. Məlumatların analizi isə sahəni daha geniş təhlil etməyə, mövcud proseslərdə daha çevik və operativ qərarların qəbuluna imkan yaradacaq.

Daha sonra “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndən istifadə qaydaları, mövcud funksiyalar əyani şəkildə jurnalistlərə nümayiş olunub. Təqdimatdan sonra nazirlik təmsilçiləri jurnalistlərin suallarını cavablandırıblar.





Azvision.az

Teqlər: KTN   Elektron