Azərbaycan Bolqarıstanla gömrük sahəsində razılığa gəldi

Azərbaycan Bolqarıstanla gömrük sahəsində razılığa gəldi
  13 Fevral 2019    Oxunub:1483
Azərbaycanla Bolqarıstan gömrük sahəsində daha səmərəli əməkdaşlığa dair razılığa gəlib.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, komitənin nümayəndə heyəti fevralın 11-12-də Bolqarıstanda işgüzar səfərdə olub. Nümayəndə heyətinə DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov rəhbərlik edib. Səfər Bolqarıstanın Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyinin baş direktoru Georgi Kostovanın dəvəti ilə baş tutub.

Səfər zamanı Bolqarıstan Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib.

İ.Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət və həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, gömrük-biznes əməkdaşlığının inkişafı kontekstində “Yaşıl dəhliz” və digər buraxılış sistemləri kimi yeniliklər və gömrük sistemində aparılan son islahatlardan danışıb.

Azərbaycan və Bolqarıstan arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirən DGK sədrinin birinci müavini iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının önəmindən bəhs edib. Ümumi Tranzit Proseduru haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya qoşulma, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqinə hazırlıq çərçivəsində Bolqarıstanın bu sahədə təcrübəsinin Azərbaycan üçün maraq kəsb etdiyi bildirilib.

Bolqarıstanın Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyinin Baş direktoru G.Kostova iki ölkənin gömrük orqanları arasında səmərəli əlaqələrdən söhbət açıb, Bolqarıstan tərəfinin öz təcrübəsini bölüşməyə daim hazır olduğunu deyib.

Görüşdə, eyni zamanda, 2019-2020-ci illər üçün Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavinliyinə seçkilər, gömrük işi sahəsində risklərin idarə edilməsi, Avropa İttifaqında elektron ticarətin aparılması zamanı rüsum və vergilərin toplanması qaydası, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, gömrük işi sahəsində hüquqpozmalar və ümumi maraq kəsb edən digər məsələlər müzakirə olunub, əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün bəzi razılıqlar əldə edilib.

Səfər zamanı Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti həmçinin Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) praktiki tətbiqi baxımından Bolqarıstan-Serbiya sərhədində yerləşən “Kalotina” sərhəd-gömrük buraxılış məntəqəsinin fəaliyyətilə də tanış olub.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti