“Vətənə xəyanət bağışlanmaz günahdır” - Bir qrup veteran

“Vətənə xəyanət bağışlanmaz günahdır” -  Bir qrup veteran
  13 Fevral 2019    Oxunub:9286
Bəzən oturub keçmiş hərbçilər söhbət edərkən danışıb-düşünürük ki, görəsən Vətənə xəyanətdən də ağır bir günah varmı həyatda? Və hamımız yekdilliklə razılaşırıq ki, ƏSLA YOX. Torpağa Vətən deyib onun üzərində dünyaya göz açan, onun havasından, suyundan, duz-çörəyindən, hər bir nemətindən dadan insan övladı heç bir zaman Vətəninə, ölkəsinə qarşı nankor olmamalıdır! Fikrimizcə, belələrinə insan demək düzgün deyil və onlara ən ağır cəzanın verilməsi ədalətli qərardır.
Tarixin hər dönəmində, heç bir ölkədə, heç bir xalqda Vətəninə, xalqına, ölkəsinə, Andına xəyanət edən heç bir kəsə haqq qazandırılmayıb, heç kim bağışlanmayıb. Odur ki, bu gün kimlərinsə Azərbaycana xəyanət edənlərə haqq qazandırmağa cəhd etməsi, nəinki öz xalqına, eyni zamanda ümumbəşəri dəyərlərə də XƏYANƏTDİR! Başqa cinayətlərdə yüngülləşdirici amillər axtarmaq bəlkə də mümkündür, amma VƏTƏN xainlərinin əməllərində bunu aramaq ən böyük cinayətdir.

Bir dəfə internetdə görkəmli tarixçi alimimiz, Sovet İttifaqı Qəhrəmanı akademik Ziya Bünyadovun qeydlərinə rast gəldim. Akademik yazırdı ki, Vətənə xəyanət edənlərə güllə vurmazlar. O təklif etmişdi ki, Azərbaycana xəyanət edənləri bulvardakı saat qülləsindən assınlar. Türk xalqları həmişə xainləri asaraq edam ediblər. Bu tarixi fakt bizlərin bu kimi cinayətə nə qədər həssas olduğumuzun göstəricisidir. Odur ki, bu gün Vətənə xəyanətə görə məhkum edilənləri və tarixi düşmənimiz olan ermənilərlə əməkdaşlıq edənləri müdafiə etmək və onlara haqq qazandırmaq xalqımızın tarixinə, mənəvi dəyərlərinə, amal və əqidəsinə qarşı olunan ən böyük hörmətsizlikdir.
Çox təəssüf ki, Azərbaycan Ordusunun xalqımıza yaşatdığı aprel zəfərinin sevincindən az bir müddət sonra Vətənə xəyanət edib, düşmənimizin xeyrinə casusluq edənlərin sorağını aldıq. Bu xəbər damarlarında əsl azərbaycanlı qanı axan hər bir kəsi dərindən sarsıtdı. Millətimizə qarşı zaman-zaman amansız vəhşiliklər törətmiş düşmənə satılan və onunla əlbir olan bəzi üzdəniraqları eşidəndə adam dəhşətə gəlir. Gərək nə qədər mənəviyyatsız, ləyaqətsiz və şərəfsiz olasan ki, maddi baxımdan varlanmaq üçün düşmənə casusluq edəsən.

Görəsən bu xəyanətkarlar öz murdar və cinayətkar əməllərini həyata keçirdikləri zaman Xocalıda günahsız soydaşlarımıza qarşı törədilmiş müsibətlərdən bixəbər idilərmi? Əlbəttə ki, yox. Bəs, onlar Vətənə xəyanət edəndə öz ailələrini, ata-analarını düşünmədilərmi.? Heç bir əməl gizli qalmır, hər bir əməlin üstü gec-tez açılır və heç kəs cəzasız qalmır. Belə nankorların da əməllərinin üstü açıldı və şübhəsiz onlar da vaxtında ən ağır formada cəzalarını aldılar, alacaqlar da. Böyük, qüdrətli dövlətimiz belələrini boşuna buraxa bilməzdi. Görəsən onlar xəyanətə yuvarlananda Vətən, torpaq uğrunda şəhid olan, müharibə meydanında itkin düşən, əlil olan yurddaşlarımızı düşünmədilərmi?

Adam bir məsələyə də məətəl qalır ki, bu hadisələrdən bir neçə il sonra bəzi xəyanətkarların ailə üzvləri, qohum-əqrabaları yenidən, kimlərsə tərəfindən ortalığa çıxarılır və hansısa anti-Azərbaycan qüvvələrinin əlində ucuz vasitəyə, çirkin məqsədlərə xidmət edən alətə çevrilirlər. Onlar sosial şəbəkələrə çıxarılır özlərini haqlı çıxarmağa cəhd edir, üzdəniraq hərəkərlərə yol veənlərə bəraət verilməsini tələb edirlər. Aydındir ki, hər bir valideynə öz övladı əzizdir, lakin qanun hamı üçün eynidir. Cinayət törətmiş bütün müqəssirlər dövlət, onun konstitusiyası və qanunların aliliyi qarşısında gec-tez cavab verməli olacaqlar. Biz hüquqi dövlətdə yaşayırıq, törətdiyi əmələ görə qanun qarşısında hamı cavabdehlik daşıyır. Əlbəttə, təhqiqatın gedişində əgər kimlərsə öz vəzifə səlahiyyətlərini aşıbsa, yəqin ki, onlar da öz layiqli cəzalarını alacaqlar. Lakin, Vətənə xəyanəti sübut olunanlar artıq ən ağır şəkildə cəzalandırılıb və bundan sonra da cəzalandırılacaqlar.

Şübhəsiz ki, Vətənə xəyanət edənlərin cəzasız qalması yüzlərlə şəhidin qanı ilə yuyulmuş bu torpağa təhqir olardı. Nəyə görə bıçaqlanaraq öldürülmüş və ya adam öldürmüş, narkotik vasitə istifadə edərək dünyasını dəyişmiş, maşınla qəza törədib kiminsə həyatına son qoymuş insanların valideynləri məhkəmələrin ədalətsiz olduğunu demir? Ordu böyük bir struktur və daim göz qabağında olduğuna görə bəzi insanlar fürsəti əldən vermirlər. Maraqlısı odur ki, bu insanlar bir müddət öncə Bakıda müxalifətin mitinq təşkil etdiyi zamanda fəallaşdılar.

Fikrimizcə, bu da oyunun, xəyanətin bir parçasıdır. Görünür bu insanları şirnikləndirib ortaya atan bəzi qüvvələr var, o qüvvələrin də ifşa edilməsi yerinə düşərdi. Kim bilir, bəlkə də belələri xarici düşmənlərimiz tərəfindən hərəkətə gətirilir. Bəlkə də, hələ xəyanət zəncirinin açılmamış halqaları qalır.

Amma necə olursa-olsun, hansı mühütdə baş verməsindən asılı olmayaraq bu əməlin, bu nankorluğun dinimizdə, əqidəmizdə, qanunlarımızda bir adı var - Vətənə xəyanət. Xainləri isə uca Allahımız və hər kəs lənətləyir.

Bir qrup veteran adından,
ehtiyatda olan zabit, müharibə əlili Yunis Eldaroğlu

Azvision.az


Teqlər: Veteran  





Xəbər lenti