“Bəzi hallarda bir çox məsələləri mediadan öyrənirəm” - Prezident

 “Bəzi hallarda bir çox məsələləri mediadan öyrənirəm” -    Prezident
  13 Fevral 2019    Oxunub:3682
“Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur. Həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Real TV-yə müsahibəsində deyib.

Prezident bildirib ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır: "Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm. Bəzi hallarda bir çox məsələləri mediadan öyrənirəm və dərhal reaksiya verirəm. Bu barədə bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq".

Ölkə başçısı qeyd edib: "Bəzən belə bir sual verilir ki, nə üçün prezident xarici mediaya daha çox müsahibə verir. Bunun iki səbəbi var. İstərdim ki, bu barədə fikir bildirim.

Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir çox hallarda əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi müstəqillik yolundan döndərmək və Azərbaycanı geridəqalmış ölkə kimi təqdim etməkdir. Ona görə də xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni bizə qarşı aparılan bu təbliğatın qarşısında biz öz həqiqətlərimizi ortaya qoyuruq. Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq. Ölkə haqqında həqiqətləri çatdırırıq.

İkinci səbəb odur ki, hesab edirəm ki, ölkə daxilində gedən işlərlə bağlı müntəzəm olaraq öz fikirlərimi müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir".

Prezident vurğulayıb ki, Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır.

"Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq", - prezident qeyd edib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti