“Minimum əməkhaqqı davamlı olaraq artırılacaq” - Nazirlik

  11 Fevral 2019    Oxunub : 3034
 “Minimum əməkhaqqı davamlı olaraq artırılacaq” - Nazirlik
Azərbaycanda minimum əməkhaqqı davamlı olaraq artırılacaq.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov deyib.

Nazirlik rəsmisi bildirib ki, beynəlxalq təcrübədə əmək haqqlarının paket şəkilində verilməsi qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir. "Minimum əməkhaqqının artırılmasını qeyri-rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır. Bu zaman əmək haqqının qeyri-rəsmi verilən hissəsi rəsimləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əməkhaqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxilolmalar azalır. Büdcəyə daxilolmalar artıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".

Ə.Məhərrəmov vurğulayıb ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı verirlər. "Bu, düzgün yanaşma deyil. Minimum əməkhaqqının iqtisadi imkanlarından uyğun olmayan, bunun aşağı olmasından istifadə edən işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da sosial fonda ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İqtisadiyyatın bir çox sahələrinə müsbət təsirini göstərəcək. Bununla da işçi özünün pensiya təminatı üçün pensiya kapitalını toplanmış olur və onun gələcəkdə pensiyası yüksək məbləğdə tənzimlənəcək".

Minimum əməkhaqqının davamlı olaraq artırılacağını deyən şöbə müdiri qeyd edib ki, maaşların real səviyyəyə uyğunlaşması təmin olunacaq. "Bu yenilik özəl sektorlarda çalışan ən azı 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquqi şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqqları minimum əməkhaqlarına uyğun veriləcək".

Qeyd edək ki, Prezient İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Eyni zamanda, minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən azı 150 min nəfər) əmək haqqının artmasına səbəb olacaq.

Dövlət başçısının yeni sərəncamı ilə minimum əmək haqqının artırılması muzdla çalışanların azı 40%-nin əmək haqlarının artmasına imkan verəcək. Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Maaş