“Heç kim işdən çıxarılmayacaq” - Nazir söz verdi

  08 Fevral 2019    Oxunub : 1623
“Heç kim işdən çıxarılmayacaq” - Nazir söz verdi
Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 8-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.

Nazirlikdən Azvision.az -a verilən məlumata görə, qəbuldan sonra mətbuata açıqlama verən nazir yerlərdə vətəndaşlarla bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində əhəmiyyətini diqqətə çatdırıb.
Bildirib ki, budəfəki görüşdə sakinlərin musiqi məktəblərinin işinin gücləndirilməsi, yeni fənlərin tədris olunması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.



Ə.Qarayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanın icrası barədə də danışıb. Nazir vurğulayıb ki, fərmana uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq. Bu zaman birinci növbədə insan faktoru diqqətdə saxlanılacaq, insanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Azvision.az

Teqlər: Nazir   Görüş