“Hər üç qadından biri zorakılığa məruz qalır” - Komitə sədri

“Hər üç qadından biri zorakılığa məruz qalır” -    Komitə sədri
  05 Fevral 2019    Oxunub:2050
"Məişət zorakılığı qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır"
Azvision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova “Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər” sərlövhəli məqaləsində yazıb.

O, bildirib ki, zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir.

"Təhlillər göstərir ki, gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər üç qadından biri öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın ölür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların yetmiş bir faizi insan alverinin qurbanına çevrilir".

Komitə sədri qeyd edib ki, ölkəmizdə qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır: "Bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qız qaçırma, hansısa milli adət, ənənəni, qısqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Ümumiyyətlə, biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin".

Azvision.az


Teqlər: Komitə   Hicran-Hüseyova  





Xəbər lenti