Aksiyalar üçün Əli Kərimliyə pul göndərilməsi ilə bağlı yeni detallar

  05 Fevral 2019    Oxunub : 6701
 Aksiyalar üçün Əli Kərimliyə pul göndərilməsi ilə bağlı yeni detallar
Bu gün Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Azər Adamov, Nazim Hüseynov və Ceyhun Şabanov şahid qismində dindiriliblər.
Azvision.az -ın məlumatına görə, məhkəmə iclasında KİV-lərin nümayəndələri iştirak ediblər. AXC hakimiyyəti dönəmində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmovun qohumu Azər Adamov məhkəmədə ifadəsində göstərib ki, 2018-ci ilin fevralında V.Rüstəmli Gürcüstanda olarkən ona “whatsapp” vasitəsi ilə tanımadığı bir mobil nömrəni yazaraq xahiş edib ki, həmin nömrədə olan adamda pul var, həmin pulu götürsün. Vidadinin telefonda göndərdiyi mobil nömrəyə zəng edib həmin şəxslə görüşərək 1000 manat pulu, növbəti dəfə isə 800 manat pulu ondan götürüb Vidadi Rüstəmliyə verib.

Nazim Hüseynov isə məhkəmədə bildirib ki, ötən il mayın əvvəllərində axşam saatlarında Şəmkir rayon polis şöbəsinin yanında keçəndə polislər ona əməliyyat tədbiri keçirdiklərini bildirib onu hal şahidi kimi iştirak etməyə dəvət ediblər. O da buna razılıq verib və polislərlə birlikdə Şəmkirdə İstiqlal parkının yaxınlığına gediblər. Təxminən 20 dəqiqə sonra polislər Saleh Rüstəmova yaxınlaşıb özlərini təqdim edib onun narkotiklə məşğul olmasına dair məlumatlar əldə etdiklərini bildiriblər. Saleh Rüstəmov polislər ondan qanunsuz əşya və maddə olub-olmadığını soruşan zaman əynindəki gödəkçənin cibindən selofanda olan heroini təqdim edib. Hal şahidi Nazim Hüseynov Saleh Rüstəmova qarşı hər hansı təzyiq göstərilmədiyini, S.Rüstəmovun hər hansı etiraz bildirmədiyini vurğulayıb.

Ceyhun Şabanov məhkəmədə ifadə verərkən Nazim Hüseynovun dediklərini təsdiq edib, Saleh Rüstəmovun gödəkçəsinin cibindən heroini çıxarıb polislərə təqdim etdiyinə hal şahidi olduğunu bildirib. Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Məhkəmə