“Bu, Tiflisin Bakıya növbəti mesajı olacaq” - Politoloq

  “Bu, Tiflisin Bakıya növbəti mesajı olacaq” -   Politoloq
  05 Fevral 2019    Oxunub:2640
Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinin uzun illərdən sonra bərpasına razılaşmağa hazırlaşır. Bu mövzuda illərdir İsveçrədə rus və gürcü diplomatlar arasında danışıqlar gedir. Hazırda danışıqlar yekunlaşmağa yaxındır.
Azvision.az xəbər verir ki, mövzu ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı işğal edən Rusiya ilə anlaşması ona bənzəyərdi ki, Azərbaycan işğal altındakı Dağlıq Qarabağ üzərindən Ermənistanla ticarət mübadiləsini bərpa edərdi: "Biz buna heç zaman razılaşmarıq. Ancaq gürcülər fərqli düşünürlər. Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərindən Rusiya ilə ticarət mübadiləsinə "yaşıl işıq" yandırsa, avtomatik olaraq Ermənistana da yol açılacaq. Bu, işğalçı Ermənistanın köhnə arzusudur".

Politoloq xatırladıb ki, hazırda Rusiya ilə Ermənistanı Gürcüstan üzərindən birləşdirən yeganə nəqliyyat yolu dağlardan keçən "Böyük Larsdır". Ancaq bu yol uçqunlar səbəbindən çox zaman işlək deyil.

"Ermənistan həmin yoldan istifadə edə bilmir, iqtisadiyyatında böyük problemlər yaranır. Abxaziya yolu açılsa, Ermənistan Rusiya ilə həm quru, həm də dəmiryolu ilə birləşəcək. Bu da Tiflisin Bakıya növbəti mesajı olacaq".

Azvision.az



Teqlər: Politoloq  





Xəbər lenti