“Azərbaycanın NATO-ya üzv olması gündəmdə deyil”

“Azərbaycanın NATO-ya üzv olması gündəmdə deyil”
  12 Noyabr 2013    Oxunub:1135
“Azərbaycanın Natoya üzv olması ilə bağlı fikirlər uzun müddətdir ki var. Amma Azərbaycan tərəfindən hələki bir fikir səsləndirilməyib”.

Bunu AzVision.az-a açıqlamasında politoloq Qabil Hüseyli Türkiyənin müdafiə naziri İsmət Yılmazın Azərbaycanın NATO-ya üzv olmaq istəyir fikrinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın NATO-ya üzv olmaq fikri hələ ki gözlənilən deyil :

-Azərbaycan NATO-nun bir çox proqramlarında iştirak edib. Birincisi, “Sülh Naminə Tərəfdaşlıq” proqramıdır ki, həmin proqram çərçivəsində Azərbaycan ordusunun bəzi sahələrinin NATO standartlarına uyğunlaşdırılma prosesi gedirdi. Təhsil, daxili intizam qaydaları, əsgərin zabitə müraciət formaları NATO standartlarına keçirildi. Bu proqram bitdikdən sonra Azərbaycan Nato ilə yeni proqram bağlamalı idi. Amma Azərbaycan ikili əməkdaşlığa üstünlük verdi. Bu ikili əməkdaşlıq nəticəsində NATO-nun Azərbaycanla əlaqələri hələ də davam edir. Baxmayaraq ki, hələ yeni bir müqavilə imzalanmayıb. Indi isə regionda gərgin vəziyyət yaranıb. Bir tərəfdən Rusiyanın təzyiqləri, digər tərəfdən Avropa Birliyinin asiosiativ üzvlüyü ilə bağlı bəzi postsovet ölkələrini öz tərəflərinə çəkmək cəhdləri, bütün bunlar ziddiyyətli vəziyyət yaradıb. Azərbaycan bu prosesdə hansı istiqaməti seçəcək, üzünü Rusiyaya, yoxsa Qərbə çevirəcək, bu, tam müəyyənləşməyib. Bu nöqteyi-nəzərdən, birmənalı qaydada fikir söyləməkdə çətinlik çəkirəm. Zənnimcə, Qarabağ məsələsində hansı tərəf daha obyektiv və Azərbaycanın maraqlarına uyğun mövqe tutacaqsa, Azərbaycan da üzünü o tərəfə çevirəcək.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri İsmət Yılmaz NATO-nun Avropada sülhü yaratdığını qeyd edərək, bildirib ki, bütün ölkələr NATO-ya üzv olmaq istəyir. Ukrayna, Makedoniya, Gürcüstan, o cümlədən də Azərbaycanın belə istəyi var və bu istiqamətdə işlər aparılır.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti