Anar Bağırov tələbə hüquqşünaslarla görüşüb

Anar Bağırov tələbə hüquqşünaslarla görüşüb
  03 Fevral 2019    Oxunub:2445
Prezident İlham Əliyevin Gənclər Gününə həsr olunmuş respublika toplantısında gənclərin dövlət və qeyri-dövlət qurumlarında önə çəkilməsi, onların potensialından səmərəli istifadə edilməsi ilə bağlı tövsiyəsi nəzərə alınaraq Avropa Gənc Hüquqşünaslar Assosiasiyası (ELSA) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə fevralın 2-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnnovasiyalar Mərkəzində Vəkillər Kollegiyasının sədri Anar Bağırovun tələbə hüquqşünaslarla görüşü keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, interaktiv formatda keçirilən görüşdə Kollegiyanın sədri tərəfindən son dövrlər vəkillikdə görülmüş işlər barədə məlumat verilib, gənc hüquqşünasların vəkilliyə gəlmələrinin təşviq edilməsi üzrə fəaliyyətlər haqqında müzakirələr aparılıb, gələcəkdə vəkillik haqqında qanunvericiliyimizin müasir dövrün tələbləri ilə uzlaşdırılması barədə faydalı fikir mübadiləsi aparılıb.

Kollegiyanın rəhbəri çıxışında tələbələrə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamının vəkillik üçün əhəmiyyəti barədə məlumat verərək, həmin sənəddə dövlətimizin başçısı tərəfindən Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılmasının tövsiyə edilməsi məsələsini xüsusi olaraq vurğulayıb. Dövlətimizin başçısının tövsiyəsinin icrası çərçivəsində 2018-ci ildə 500-dən çox gənc hüquqşünasın vəkilliyə qəbul olunması və bu rəqəmin gələcəkdə daha da artırılmasının zərurəti bildirilib.

Müzakirələr zamanı Anar Bağırov bundan sonra Vəkillər Kollegiyasının gənc hüquqşünasların müxtəlif təlimlərin keçirilməsi, istehsalat təcrübələri, habelə bacarıqlı gənclərin vəkil qurumlarında işlərə cəlb edilməsi yolu ilə onlara himayədarlıq etməyə hazır olduğunu qeyd edib. Sədr bu görüşün ilk olmasını nəzərə alaraq növbəti aylarda hüquqa dair daha tematik mövzular ətrafında gənc hüquqşünaslar üçün Kollegiya üzvləri tərəfindən silsilə treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu ifadə edib. Həmçinin bu günlərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 100 illiyinə həsr olunmuş VIII Milli Məhkəmə Müsabiqəsinin keçirilməsinin və belə faydalı tədbirdə gənc hüquqşünasların iştirakının onlarda peşə vərdişlərinin formalaşması baxımından əhəmiyyəti qeyd olunub.

Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyəti aparatının rəhbəri Fərhad Nəcəfov, Vəkillər Kollegiyası və ELSA ilə əməkdaşlıq üzrə koordinatoru, “Kəngərli və partnyorları” vəkil bürosunun rəhbəri İsmayıl Kəngərli iştirak ediblər.

Azvision.az


Teqlər: Anar-Bağırov  





Xəbər lenti