Biləcəridə əl qumbarası aşkar edilib

Biləcəridə əl qumbarası aşkar edilib
  02 Fevral 2019    Oxunub:2019
Fevralın 1-də saat 16:28-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Binəqədi rayonundakı Biləcəri qəsəbəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Biləcəri Xətt Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri, Biləcəri Xətt Polis Şöbəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ərazidə dəmiryolu xəttinin yaxınlığına baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın ətrafı agentliyin mütəxəssisləri tərəfindən 8 min kvadratmetr yerüstü yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA  





Xəbər lenti