“Radikal müxalifətin məqsədi ictimai-siyasi sabitliyi pozmaqdır” - Əli Hüseynli

 “Radikal müxalifətin məqsədi ictimai-siyasi sabitliyi pozmaqdır” -    Əli Hüseynli
  01 Fevral 2019    Oxunub:4665
“Son dövrlər radikal müxalifət hər hansı bir aksiyanı qanunsuz mitinqə çevirmək niyyəti ilə fəaliyyət göstərir. 2008-ci ildə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əhəmiyyətli dəyişikliklər etdik və onun icrası nəticə göstərdi. Əhali bilməlidir ki, radikal müxalifətin məqsədi nə Məhəmməd Əmin Rəsulzadəni, nə də 20 yanvar şəhidlərini anmaqdır. Onlarn məqsədi istənilən belə tədbirdə qanun pozuntusu törətməkdir. Məqsəd icazəli mitinq keçirmək deyil, hər bir halda mövcud olan ictimai-siyasi sabitliyi pozmaqdır”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

“2008-ci ildə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna etdiyimiz dəyişikliklər bu cür halların qarşısını almaqdan ötrü əsaslı hüquqi bazadır. Hüquq-mühafizə orqanları bu işin öhdəsindən yüksək səviyyədə gəlirlər”, - deyə komitə sədri bildirib.

Onun sözlərinə görə, ölkədə şəhid ailələrinə xüsusi diqqət yetirilir. Ə.Hüseynli vurğulayıb ki, Azərbaycanda bu qədər çox şəhid olmasının səbəbkarları 1992-ci ildə hakimyyətdə olanlardır:

“Əgər onlar - o vaxtki parlament sədri, daxili işlər naziri heç olmazsa, öz doğulduqları kəndi, rayonu qoruya bilsəydilər, bu qədər şəhid olmazdı. Baxmayaraq ki, Naxçıvan həm Ermənistan, həm də o zaman Azərbaycanda hakimiyyətdə olanlar tərəfindən blokadaya alınmışdı, sovet qoşunları Naxçıvandan çıxarılmışdı, Heydər Əliyev Naxçıvanı qorudu. Onlar isə heç öz kəndlərini, rayonlarını qoruya bilmədilər. Minlərlə insan ordudan fərarı olmuşdu, Heydər Əliyev hakimiyyətə döndükdən sonra o şəxslər barədə əfv fərmanı verildi, hamısı yenidən döyüşə qayıtdı, çoxları qəhrəmanlıq nümayiş etdirdi. Bunları söyləməkdə məqsədim odur ki, Azərbaycan xalqı bilməlidir ki, hər bir təhqir xalqa ünvanlanır, ona görə də hesab edirəm ki, qanunvericilik baxımından (Cinayət Məcəlləsinin 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) biz bu addımı düzgün atmışıq. Təəssüf ki, praktika onu göstərir ki, bu qanun tətbiqində boşluqlar mövcuddur. Hesab edirəm ki, onun tətbiqi yaxşı halda deyil və sui-istifadə olunur. Növbəti mərhələdə həmkarlarımızın yeni təklifləri nəzərə alına bilər”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Əli-Hüseynli   Milli-Məclis  





Xəbər lenti