Prezident Almaniya nümayəndə heyətini qəbul edib - Yenilənib

 Prezident Almaniya nümayəndə heyətini qəbul edib -  Yenilənib
  31 Yanvar 2019    Oxunub:3040
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azvision.az xəbər verir ki, dövlət başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq həmin səfər çərçivəsində biznes nümayəndələri arasında çox səmərəli görüşlərin keçirildiyini vurğulayıb. Dövlət başçısı Tomas Baraysın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlıq prosesinin davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu söyləyib.

Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays qəbula görə nümayəndə heyətinin adından dövlət başçısına minnətdarlığını bildirib və Almaniyanın Federal Kansleri xanım Angela Merkelin salamlarını dövlət başçısına çatdıraraq bu səfəri Federal Kanslerin Azərbaycana səfərinin davamı kimi dəyərləndirib. Tomas Barays səfərdən öncə Angela Merkellə görüşdüyünü qeyd edərək bildirib ki, xanım Kansler Azərbaycanla ikitərəfli iqtisadi əlaqələrin davam etdirilməsindən çox məmnundur. Ölkələrimizin ortaq tarixə malik olduğunu deyən Tomas Barays Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd edildiyini vurğulayaraq Prezident İlham Əliyevin bu mühüm tədbirə böyük töhfə verdiyini bildirib. O, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə müxtəlif sahələri təmsil edən nümayəndələrin daxil olduğunu qeyd edərək onların Azərbaycanın əsl dostları olduğunu deyib və bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən energetika, neft-kimya, qeyri-neft sektoru, təhsil, peşə təhsili və digər sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, alman şirkətlərinin Azərbaycandakı sənaye zonalarına maraq göstərdikləri qeyd olunub, onların Sumqayıt Kimya Sənaye Parkında iştirakına dair məsələlər müzakirə edilib.

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Almaniyanın Federal Kanslerinə çatdırmağı xahiş edib.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Almaniya  





Xəbər lenti