QHT Şurası hesabat konfransı keçirib

QHT Şurası hesabat konfransı keçirib
  31 Yanvar 2019    Oxunub:3016
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib.
Azvision.az xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov konfransda təmsil etdiyi qurumun ötənilki fəaliyyəti barədə geniş təqdimatla çıxış edib.

İcraçı direktor bildirib ki, Şura 2018-ci ildə bir sıra mühüm tədbirlərə ev sahibliyi edib. 7 may 2018-ci ildə Şuranın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

23 may 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan “Müsəlman Şərqində ilk demokratik respublika” adlı elmi-praktiki konfrans keçirilib. 29 mart 2018-ci ildə 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın 100 illiyinə həsr olunan konfrans təşkil olunub.

22 iyun 2018-ci ildə Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə yubiley mərasimi keçirilib. 13 sentyabr 2018-ci ildə 1918-ci il 15 sentyabrda Bakının düşmən işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
2018-ci ildə “Vətəndaş cəmiyyəti” jurnalının 12 nömrəsində 600-dən çox QHT-nin fəaliyyəti işıqlandırılıb. Qhtxeber.az portalında il ərzində 45 min xəbər yayımlanıb.

Fərasət Qurbanov deyib ki, Şura ötən il QHT-lərin 576 layihəsini maliyyələşdirib. Bu layihələrin icrasına 2067 nəfər cəlb olunub ki, onlardan da 661-i daimi, 1406-sı isə müvəqqəti işçilər olub. Layihələr çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 88903 nəfər iştirak edib. 2018-ci ildə Şuranın dəstəyilə 491 təlim və 1585 müxtəlif formatlı tədbirlər keçirilib.

34 adda kitab, 36 adda kitabça, 213 adda buklet, 212 adda digər çap materialları (posterlər, təqvimlər və s.) hazırlanıb. Həmçinin 107 televiziya verilişi, 20 sosial çarx, 34 film hazırlanıb, 11 sayt yaradılıb.

31 may 2018-ci ildə Şura sədri Azay Quliyevin iştirakıyla Sloveniyanın Maribor şəhərində yerləşən müharibə qurbanlarına aid Dobrava Memorial Park Kompleksi ərazisində Şuranın maliyyə dəstəyilə hazırlanan Xocalı soyqırımı qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimi keçirilib.

08-10 noyabr 2018-ci il tarixlərində Şura sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu” imzalanıb.

F.Qurbanov bildirib ki, Şura ötən il bir sıra dövlət proqramlarının icrasında da yaxından iştirak edib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş 30 layihə maliyyələşdirilib. Bu çərçivədə 48 tədbir, 4 təlim keçirilib, 2 adda kitab, 3 adda kitabça,14 adda buklet və digər nəşr məhsulları, 1 sayt, 1 sosial çarx və 1 tamaşa hazırlanıb, 5 film çəkilib. Bu istiqamətdə Macarıstanın Debreçen, Gürcüstanın Tbilisi və ABŞ-ın New-York şəhərində müxtəlif tədbirlər keçirilib.

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair təşəbbüslər” istiqaməti üzrə 11 qeyri-hökumət təşkilatının layihəsi maliyyələşdirilib. 7 təlim, 13 seminar və 5 dəyirmi masa keçirilib, o cümlədən 7 adda buklet, 1 adda bülleten, plakatlar və digər nəşr məhsulları çap olunub, 1 sosial çarx hazırlanıb.

“İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər” istiqaməti üzrə maliyyələşdirilən 6 QHT layihəsi çərçivəsində 8-i təlim olmaqla, 26 tədbir keçirilib, o cümlədən 2 adda kitabça, 4 adda buklet, informativ plakatlar və digər nəşr məhsulları çap olunub, 1 adda video çarx hazırlanıb və turistlər arasında istehlakçıların hüquqlarının təşviqinə həsr olunmuş sosioloji sorğu keçirilib.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün” Dövlət Proqramı çərçivəsində fermerlərin, kənd təsərrüfatı istehsalçılarının institusional potensiallarının yüksəldilməsi, kooperativlərin yaradılması, kənd təsərrüfatı məhsullarının innovativ üsullarla istehsalı və satışı sahəsində bilik, bacarıqların artırılması və s. istiqamətdə 23 təlim və 35 tədbir həyata keçirilib. Həyata keçirilən layihələr çərçivəsində 1 kitab, 10 buklet nəşr olunub.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 24 QHT-nin layihəsi maliyyələşdirilib. 5110 nəfərin faydalandığı bu layihələrdə çərçivəsində 81 seminar və müxtəlif tipli tədbirlər təşkil olunub, 19 buklet, 3 sərgi və 2 sosial çarx hazırlanıb, gənclərin iştirakı ilə 2 teatr tamaşası təşkil olunub.

“Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”çərçivəsində 9 QHT-nin layihəsi maliyyələşdirilib. Layihələr çərçivəsində əmək hüquqlarına dair 6 adda e-yaddaş hazırlanıb, 100 nəfər gəncin işsizlik vəziyyətinin öyrənilməsinə dair monitorinq keçirilib, 4 tədbir, 4 təlim, 4 dəyirmi masa təşkil olunub, 4 buklet çap olunub, 2 məqalə nəşr edilib.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində 8 QHT layihəsi maliyyələşdirilib. Layihə çərçivəsində 14 təlim, 11 maarifləndirici tədbir, 1 konfrans, 2 seminar və 4 dəyirmi masa təşkil olunub, 1 adda buklet və 1 informativ plakat hazırlanıb.

Şuranın təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması 2018-ci ildə də fəaliyyətini uğurla davam etdirib.

2018-ci ildə QHT-lərin təklif və şikayətlərinin qəbulu üçün Şuranın 1672 nömrəli Qaynar xəttinə 2018-ci ildə 17 müraciət daxil olub. Daxil olan hər bir müraciət araşdırılıb və müvafiq tədbirlər görülüb.

Konfransda çıxış edən QHT rəhbərləri Təhmasib Novruzov, Mətanət Əsgərqızı, Cavad Qasımov, Radə Abbas, Muğan Əliyev, Bəxtimşah Tağıyeva və digər şəxslər Şuranın 2018-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu və onu qənaətbəxş saydıqlarını deyiblər.

Azvision.az


Teqlər: QHT   Şura   Hesabat   Konfrans  





Xəbər lenti