“Vallah, belə hökumət heç bir yerdə yoxdur” - Prezidentlə görüşən şəhid ailələri

 “Vallah, belə hökumət heç bir yerdə yoxdur” -  Prezidentlə görüşən şəhid ailələri
  30 Yanvar 2019    Oxunub:5316
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri ilə görüşüblər. Prezident Sarayında baş tutan görüşdə dövlət başçısı yeni fərman imzaladığını və bu fərman əsasında 11 min manatı alacaq şəxslərin sayının 2725 nəfər artırıldığını qeyd edib.
Şəhid Vüqar Qasımovun vərəsəsi Firudin Qasımov görüşlə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb. O, bildirib ki, ölkə başçısı hər zaman şəhid ailələrinə dəstək verir.

"Cənab prezident Ulu öndər Heydər Əliyevin yolu ilə gedir. O, həmişə kasıblara, şəhid ailələrinə yardım edir. Görüşdə də Prezident İlham Əliyeva təşəkkürümü bildirdim. Dedim ki, mən də naxçıvanlıyam, Sədərəkdənəm. Vallah, belə hökumət heç bir yerdə yoxdur. Ölkə rəhbərliyi daim bizə diqqət göstərir, şəhid ailələrini sevindirir. Bundan gözəl nə ola bilər ki?!"

Şəhid Veysəl Qasımovun həyat yoldaşı Mərziyə Qasımova ailəsinə göstərilən diqqətdən razılığını ifadə edib.

"Həyat yoldaşım 27 ildir şəhid olub, 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında rəhmətə gedib, ailənin yeganə oğlu olub. Prezidentin fərmanı digər şəhid ailələri kimi bizi də sevindirdi. İnanırdıq ki, ölkə başçısı şəhid ailələrinin problemini həll edəcək, bizə də sevinc bəxş edəcək. Bir daha şahid olduq ki, cənab prezident şəhid ailələrinə xüsusi diqqət göstərir. Ondan çox razıyıq. Hər bir vətəndaşa arxa, dayaqdır".

Qeyd edək ki, Prezident İlham Əliyev 28 yanvar 2019-cu ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmana dəyişiklik edib. Dəyişikliklə 11 min manat birdəfəlik sığorta ödənişi daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə və əvvəllər (o vaxtkı məzənnə ilə) ödəniş almış vərəsələrə də şamil olunub.

Fərman 2264 şəhid hərbi qulluqçunu və 461 şəhid polisi əhatə edir. Dölvət başçısının ümumilikdə hər iki fərmanı 12268 şəhidin vərəsələrini əhatə edir. Bu günə qədər isə 3099 şəhidin 4200 vərəsəsinə 11 min manat ödənilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vərəsə   Şəhid-Ailələri  





Xəbər lenti