Məhkəmədə Əli Kərimlinin qanunsuz əməlləri ifşa edildi

   Məhkəmədə Əli Kərimlinin qanunsuz əməlləri ifşa edildi
  30 Yanvar 2019    Oxunub:18284
Yanvarın 29-da Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Azvision.az -ın məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindiriliblər.

Məhkəmədə "Milli Şura" sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, ABŞ və Rusiyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər.

Elçin Əsgərbəyli ifadəsində göstərib ki, 1992-ci ilin may ayında Rusiya vətəndaşlığını alıb. Sankt Peterburq şəhərində icarəyə götürdüyü mağazada işləyərək ailəsini dolandırıb. 2016-2017-ci illərdə tez-tez Sabirabad və Kürdəmir rayonundan olan Zaur adlı şəxs onun yanına gəlirmiş.

Bildirib ki, təxminən 2018-ci ilin əvvəllərində Zaur yanında sonradan tanıdığı AXCP-nin üzvü Aqil Məhərrəmovla onu tanış edib. Aqil söhbət əsnasında AXCP-nin fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışıb, partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarını söyləyib.

"Aqil söhbət zamanı deyirdi ki, ona verəcəyim pul maddi yardım kimi partiya üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcək. Həmçinin qeyd olunan pul toplanmasının partiya sədri Əli Kərimlinin məlumatı əsasında icra etdiyini deyirdi".

İfadədə qeyd olunub ki, Aqil Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi yardım etdiyini və həmin pullarıda qanunsuz yollarla Azərbaycana göndərdiyini söyləyib.

"Deyirdi ki, Azərbaycana göndərilən pul vəsaitləri nəzarətdə olduğu üçün pulu onlar başqa yollarla Azərbaycana göndərirlər. Aqil bildirirdi ki, pul əsasən AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar əsasən Əli Kərimliyə veriləcək".

E.Əsgərbəyli ifadəsində, həmçinin vurğulayıb ki, telefonunda olan proqram vasitəsilə özünün “Sberbank” bankındakı hesabına daxil olaraq Aqilin verdiyi bank hesabına 15.000 rubl məbləğində pul köçürüb.

E.Əsgərbəyli bir müddət sonra Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsindən xəbər tutub.

Dediyinə görə, o, Aqil Məhərrəmova yalnız bir dəfə 15.000 rubl məbləğində pul verib və Adilə Məhərrəmovanın adına olan “Sberbank” hesabına göndərib. Həmin pulu verməkdə məqsədi ehtiyacı olan ailələrə kömək etmək olub.

Cavid Məsimli isə ifadəsində göstərib ki, atası 2005-ci ildən etibarən Moskva şəhərində işləyir. 2013-cü ildə atasının təklifi ilə işləmək üçün onun yanına gedib və restoranda aşbaz işləyib.

O, “Facebook” sosial şəbəkəsində “Aqil Əli Məhərrəm” adlı istifadəçi ilə dostlaşıb. Bir müddət sonra Aqil ondan 3000 rubl verməsini xahiş edib və o, həmin pulun necə və hara xərclənəcəyini soruşub. Aqil isə ona bank hesabı kodunu göndərib və bildirib ki, pul AXCP üçün lazımdır, həmin pullar Əli Kərimliyə çatacaq.

C.Məsimli 2018-ci ilin may ayında 3000 rubl pulu Moskva şəhərində yerləşən “Sberbank” vasitəsi ilə Aqilin ona verdiyi bank koduna göndərib.

Bundan sonra bir müddət “Facebook” sosial şəbəkəsində xəbərlərə baxarkən Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə məlumat əldə edib.

Məhkəmədə dindirilən digər şəxs - Cavanşir Abuşovun bildirdiyinə görə, 2018-ci ilin iyununda Moskvada yerləşən “Skarabey” bazarında işləyən azərbaycanlılardan ona məlum olub ki, Orxan Zeynalova köməklik adı ilə verilmiş pullar əslində Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan ərazisində mitinq və toplantılarının maliyyələşdirilməsi, partiya sədrinə maddi dəstək göstərilməsi məqsədilə yığılıb. O, eşidib ki, Rusiyada azərbaycanlılardan nağd və bank vasitəsilə bu məqsədlə pullar toplanılıb və qanunsuz yolla Azərbaycana göndərilib.

Qeyd edək ki, məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Məhkəmə   Əli-Kərimli   AXCP  





Xəbər lenti