“Niyə susursunuz?” – Avropa Parlamentinə müraciət olundu

  29 Yanvar 2019    Oxunub : 1484
 “Niyə susursunuz?” – Avropa Parlamentinə müraciət olundu
QHT sədri Niyaməddin Orduxanlı Avropa Parlamentinə və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) rəsmi müraciət ünvanlayıb. Müraciət Haynews.am saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan 52 günlük açlıq aksiyasından sonra “Nubarasen” təcridxanasında vəfat etməsilə bağlıdır.
Müraciətdə deyilir ki, həmin şəxs siyasi fəaliyyətinə görə qondarma ittihamlarla həbs edilib və buna etiraz olaraq keçən il dekabrın 5-də aclıq aksiyasına başlayıb: “Ermənistanda siyasi hakimiyyət dəyişəndən dərhal sonra yüzlərlə siyasi fəal, partiya üzvləri, keçmiş hərbçilər həbs olunub. Ölkənin keçmiş prezidenti Robert Koçaryan hazırda həbsdədir. Ermənistanda yaşanan proseslər Avropa Parlamenti (AP) kimi qurumların diqqətindən kənarda qala bilməz. Demokratik ənənələri, insan hüquqlarını əsas meyar tutan Avropa Parlamenti hadisəni sükutla qarşılamamalıdır”.

Daha sonra xatırladılır ki, Avropa Parlamenti yanvar ayının 17-də təcili qaydada azərbaycanlı bloger Mehman Hüseynovun işi ilə bağlı qətnamə qəbul etmişdi. Orada Mehman Hüseynovun guya açlıq elan etdiyinə, bu şəxsə qarşı guya yenidən ittiham irəli sürüldüyünə etiraz ifadə olunurdu. Halbuki, iddiaların heç biri təsdiqini tapmadı.

“Bu gün Azərbayan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Ermənistanda aclıqdan ölən siyasi məhbusla bağlı Avropa Parlamentinin analoji addımı ataraq, obyektivlik naminə Ermənistana qarşı dərhal qətnamə qəbul edəcəyini gözləyir. Əks halda Azərbaycan xalqı Avropa Parlamentinin qərəzli, demokratik prinsiplərdən uzaqlaşmış, ikili standartlarla fəalliyyət göstərən qurum kimi qəbul edəcək.

Parlamentarilər Ermənistanda siyasi məhbusun ölümünü sıradan bir hadisə kimi qiymətləndirməməlidir. Niyə susursunuz?! Azərbaycanı olmayan hadisələrdə ittiham edən, hədəf seçən və ona qarşı dərhal qətnamə çıxaran Avropa Parlamenti Ermənistanda baş verən daha ağır hadisəni niyə görməzliyə vurur? Hər bir parlamentari üzvülərini post sovet ölkələrinə münasibət də ayrıseçkiliyə son qoymağa çağırıram! Bərabər hüquqli münasibətin olmasına əməl etməyə dəvət edirəm! Bütün bunlara son qoyulmalıdır! Müsəlman ölkələrinə ədalətli yanaşmağı və Avropada islamafobiyanın yayılmamasına imkan verməməlisiniz! Bu, bir insanlıq borcudur!”

Niyaməddin Orduxanlının sözlərinə görə, müraciət ingilis dilinə tərcümə olunaraq, hər iki qurumun rəsmi elektron ünvanlarına göndərilib: “İnanıram ki, bu dəfə də beynəlxalq qurumlar və parlament üzvləri bizim təşkilatın müraciətinə cavab verəcəklər”.

Teqlər: