Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

 Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
  25 Yanvar 2019    Oxunub:8728
Yanvarın 25-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2018-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Azvision.az xəbər verir ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini zamanın tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində 2018-ci ildə də dövlətimizin daha da qüdrətləndiyini, xalqımızın maddi və sosial rifah halının daha da yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiyini diqqətə çatdırıb.

Hərbi prokuror bildirib ki, 2018-ci il bir sıra mühüm hadisələrlə yadda qalıb. Həmin hadisələrin ən önəmlilərindən biri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi olub. Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və dövlətimizin başçısının “...Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik...” sözləri qədim və zəngin dövlətçilik tariximizə bəslənilən böyük ehtiramın növbəti göstəricisidir.

Xanlar Vəliyev vurğulayıb ki, ötən il ölkəmizdə baş verən ən mühüm siyasi hadisə və xalqımızın əldə etdiyi ən böyük uğur aprelin 11-də demokratik, şəffaf və ədalətli şəkildə keçirilən növbədənkənar prezident seçkilərində zəngin biliyə, yüksək elmi təfəkkürə, möhkəm siyasi iradəyə, sarsılmaz qətiyyətə və mükəmməl rəhbərlik qabiliyyətinə malik şəxsiyyətin - İlham Əliyevin xalqın böyük əksəriyyətinin inam və etimadını qazanaraq 86 faiz səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi olub.



Qeyd edilib ki, 2018-ci il, həmçinin xalqımızın və dövlətçiliyimizin taleyində müstəsna rolu və misilsiz xidmətləri olan, müasir müstəqil Azərbaycanın qurucusu və onun müstəqilliyinin memarı, ölkəmizi davamlı inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş əvəzsiz tarixi şəxsiyyət-ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin respublikamızda, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilməklə, silsilə tədbirlərin keçirilməsi və əbədiyaşar liderimizin xatirəsinin dərin ehtiramla anılması ilə yadda qalıb.

Bildirilib ki, ötən il baş verən digər mühüm hadisələr iyunun 26-da və sentyabrın 15-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi münasibətilə təntənəli hərbi paradların keçirilməsi olub. Həmin paradlarda hərbi potensialımızın bir hissəsinin nümayişi Silahlı Qüvvələrimizin, o cümlədən hərbiçilərimizin qüdrətini, peşəkarlığını, yüksək döyüş ruhunu, torpaqlarımızı azad etməyə hər an hazır olduğunu bir daha göstərdi. 2016-cı ilin şərəfli aprel döyüşlərini xatırladan hərbi prokuror bildirib ki, ötən ilin mayında da atəşkəsi ciddi şəkildə pozaraq öz işğalçı niyyətini davam etdirmək istəyən düşməni növbəti dəfə uğursuzluğa düçar edən rəşadətli ordumuz Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi də daxil olmaqla 11 min hektardan artıq ərazini azad edərək dövlət sərhədi boyunca əlverişli əraziləri nəzarətinə götürüb. Gələcək qələbələrimizin müjdəsi hesab edilən bu zəfərlər nəticəsində ərazilərimizin tədricən işğaldan azad edilməsi təcavüzkar Ermənistanda böyük rezonans doğurmaqla, torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına xalqımızın ümidlərini artırıb, dövlət və ordu quruculuğu sahəsində Prezidentimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin səmərəli və əhəmiyyətli olduğunu bir daha təsdiqləyib.

Diqqətə çatdırılıb ki, 2018-ci il oktyabrın 1-də, həmçinin yarandığı vaxtdan bəri bütün fəaliyyəti prosesində Azərbaycan xalqına və dövlətinə sıx bağlılığı, sədaqətli xidməti ilə seçilən, ölkəmizdə ictimai-siyasi sabitliyin, qanunçuluğun və hüquq qaydalarının qorunmasında əhəmiyyətli rol oynayan Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyinin keçirilməsi də əlamətdar hadisələrdən olub.

Hərbi prokuror xüsusi vurğulayıb ki, ölkəmizin hərtərəfli və sürətli inkişafında müstəsna rolu olan Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrə, xüsusən Azərbaycan elminə, mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti ölçüyəgəlməzdir. Birinci vitse-prezident milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği istiqamətində gördüyü böyük işlər, çoxşaxəli zəngin fəaliyyəti ilə dövlətçiliyimizin qüdrətlənməsinə töhfələr verməkdə davam edir. Xanım Mehriban Əliyevanın tükənməz xeyirxah əməlləri, davranışı, mənsub olduğu xalqın milli mənəvi dəyərlərinə sadiqliyi, millətinə, dövlətinə sədaqəti və əsl Azərbaycan xanımına xas digər nümunəvi xüsusiyyətləri, eləcə də bəşər mədəniyyətinin inkişafı istiqamətində gördüyü böyük işlər və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər, ona yalnız Azərbaycan xalqının deyil, bir sıra ölkələrin vətəndaşlarının da sonsuz məhəbbətini qazandırıb.

Dövlətimizin hərtərəfli inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini bildirən hərbi prokuror xüsusi vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamının artırılması istiqamətində uğurlar əldə olunub. Azərbaycanda ordu quruculuğunun davam etdiyi yeni mərhələdə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti də işin səmərəliliyinin artırılmasına, Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, eyni zamanda ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının vaxtında aşkarlanaraq aradan qaldırılmasına, bununla əlaqədar qanunamüvafiq zəruri tədbirlərin görülməsinə yönəldilib.

Xanlar Vəliyev bildirib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər də səmərəli olub, o cümlədən ibtidai istintaqın keyfiyyəti də artırılıb. Belə ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də istintaqçıların peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb. 2017-ci illə müqayisədə icraatına xitam verilmiş və icraatı dayandırılmış cinayət işlərinin sayı azalıb, istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş cinayət işləri üzrə ittiham irəli sürülmüş təqsirləndirilən şəxslərdən bəraət alan olmayıb. Həmçinin məhkəmə baxışları zamanı təqsirləndirilən şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilmədiyindən, başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün Cinayət Prosessual Məcəllənin 318.2-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan cinayət işləri olmayıb.

Qeyd olunub ki, 2017-ci illə müqayisədə ötən il törədilmiş cinayətlər 12,6 faiz, hərbi xidmət əleyhinə cinayətlər 4 faiz, qeyri-hərbi cinayətlər 34,3 faiz; böyük ictimai təhlükə törətməyən cinayətlər 4,6 faiz, az ağır cinayətlər 2,8 faiz, xüsusilə ağır cinayətlər 48,6 faiz azalıb. Azalma xəstəlik nəticəsində ölüm hallarında 40 faiz, düşmən tərəfindən açılan atəş nəticəsində ölüm hallarında 64,7 faiz; qeydə alınmış korrupsiya xarakterli cinayətlərdə 24,7 faiz, korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərində 43,6 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 15,5 faiz təşkil edib.

Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrdə baş vermiş və səbəbindən asılı olmayaraq istənilən ölüm faktı üzrə cinayət işi başlanılıb. Bu qəbildən olan hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub. Eyni zamanda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, həmçinin iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilib. Bununla yanaşı, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də belə xarakterli cinayətlərin qarşısının alınması məqsədilə, hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə olunub. Bu kimi cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Nəticədə 2017-ci illə müqayisədə ötən il törədilmiş qəsdən adamöldürmə cinayətləri 61,5 faiz, intihar hadisələri 23,1 faiz azalıb.

Hərbi prokuror bildirib ki, cinayət hadisələrinin sayının azalmasında Hərbi Prokurorluq orqanlarının səmərəli fəaliyyətinin, eləcə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin hələ ilin əvvəlindən planlaşdırılaraq mütəmadi həyata keçirilmiş birgə tədbirlərin böyük əhəmiyyəti olub. Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarına riayət olunmasını, qanunçuluğun və hüquq qaydasının qorunmasını təmin etmək məqsədilə 2018-ci ildə də Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı “Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair”, “Cinayətkarlığa qarşı mübarizəyə dair”, “Cinayət hadisələrinin qarşısının alınmasına dair”, “Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair” və sair mövzular üzrə tədbirlər planları əsasında adıçəkilən qurumların yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə səmərəli işlər görülüb, hərbi qulluqçuların fərdi qəbullarının mütəmadi keçirilməsi təmin olunub. Eyni zamanda, milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilib və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Sadalananlarla yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini və bununla əlaqədar görülən işlərin səmərəliliyini artırmaq məqsədilə müxtəlif istiqamətlər üzrə bir neçə metodiki tövsiyələr və digər maarifləndirici vəsaitlər hazırlanıb və hərbi qulluqçulara çatdırılıb. Belə ki, hərbi qulluqçuların qəbulu işini daha da təkmilləşdirmək, o cümlədən onların qayğı və problemləri ilə yerində maraqlanmaq, rastlaşdıqları çətinliklər barədə zamanında məlumat əldə etmək, eləcə də müraciətlərin operativliyini artırmaq məqsədilə “Ərazi hərbi prokurorluqlarının əməkdaşları tərəfindən hərbi qulluqçuların bilavasitə hərbi hissələrdə qəbulunun təşkili və keçirilməsinə dair”, hərbi hissələrdə intihara meyilli hərbi qulluqçuların, belə şəxslərə mənfi təsir edə biləcək halların, onlarda psixi-emosional gərginlik yaradacaq amillərin vaxtında aşkarlanması və baş verə biləcək hadisələrin ən qısa zamanda qarşısının alınması məqsədilə preventiv və profilaktik tədbirlərin icrasını nəzərdə tutan “Silahlı Qüvvələrdə suisid hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə dair” metodiki tövsiyələr hazırlanıb. Həmin metodik tövsiyələr istifadə üçün ərazi hərbi prokurorluqlarına, Silahlı Qüvvələrin rəhbər heyətlərinə, birləşmə komandirlərinə, həmçinin briqada və dəstələrin komandir və şəxsi heyətlə iş aparan komandir müavinlərinə, eləcə də digər əlaqədar şəxslərə çatdırılıb.

Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılıb, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Ötən il hərbi prokurorluq orqanlarında vətəndaşların 2185 müraciətinə baxılıb və 1015 vətəndaş mərkəzi aparatda qəbulda edilib.

Kollegiya iclasında qeyd olunub ki, 2018-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, o cümlədən kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi üçün zəruri tədbirlər görülüb.

Bildirilib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 45 faizi təmin olun, o cümlədən 2 şəxs barəsində əsassız olaraq çıxarılmış iki bəraət hökmündən verilmiş apellyasiya protestləri də təmin edilərək ittiham hökmləri verilib.

Xanlar Vəliyev işğal olunmuş ərazilərimizdə törədilmiş bütün cinayətlərin, o cümlədən sülh və insanlıq əleyhinə olan cinayətlərin, müharibə, terrorçuluq cinayətlərinin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə Hərbi Prokurorluqda aparılan istintaq barədə müşavirə iştirakçılarına məlumat verib. Bildirib ki, həmin cinayət işləri üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir. Ötən il Xüsusi istintaq şöbəsində icraatda olmuş cinayət işləri üzrə bir təqsirləndirilən şəxs K.A.Ğazaryana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1-ci 29,120.2.7-ci, 29,120.2.12-ci, 214.2.1-ci, 214.2.3-cü və digər maddələri ilə ittiham elan edilib və Qazax Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır cinayətlər məhkəməsinə göndərilib.

Qeyd olunub ki, 2018-ci ildə Memorial Soyqırımı Muzeyinin fəaliyyəti ilə bağlı müəyyən işlər görülüb, Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlər, o cümlədən xalqımızın tarixi torpaqlarından zorla çıxarılması üçün həyata keçirilmiş deportasiya siyasəti, azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar barədə obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi, gənclərin və hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, vətəndaşlarımızda milli ruhun daha da yüksəldilməsi məqsədilə müxtəlif dövlət qurumlarına və ictimai təşkilatlara məktublar göndərilib. Nəticədə 4 mindən artıq şəxsin muzeyə ekskursiyası təmin olunub. Yarandığı vaxtdan indiyədək muzeyi ümumiyyətlə 20 minə yaxın şəxs ziyarət edib.

Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai istintaq və təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsi, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olmuş, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Xanlar Vəliyev Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edərək bildirilib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılıb, onlara əməl olunması hər bir əməkdaşdan ciddi tələb edilib.

Sonra məruzə ətrafında çıxışlar olub.

Kollegiya iclasında respublika hərbi prokurorunun müavinləri, ədliyyə general-mayoru Şəfahət İmranov və ədliyyə general-mayoru Rasim Kazımov, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Yaşar Həsənov, Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, ədliyyə polkovniki Toğrul Hüseynov, Bakı hərbi prokuroru, ədliyyə polkovniki İmran Əhmədov, Sumqayıt hərbi prokuroru, ədliyyə polkovniki Zöhrab Kazımov və Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov çıxışlarında hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiya iclasına yekun vuraraq bildirib ki, hərbi prokurorluq orqanları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, Silahlı Qüvvələrdə intizamın daha da möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə hüquq pozuntularına, o cümlədən cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcək.

Azvision.az


Teqlər: Hərbi-Prokurorluq   Müşavirə  





Xəbər lenti