Mehmanlıq və Sahiblik - Mir Şahinin yazısı

  22 Yanvar 2019    Oxunub : 11061
 Mehmanlıq və Sahiblik - Mir Şahinin yazısı
Mir Şahin

Mehman Hüseynovun Prezidentə məktub yazması və Prezidentin operativ reaksiyası ətrafında maraqlı fon yaranmaqdadır. Əslində baş verən hadisə İlham Əliyevin sabit xarakterinin növbəti nümayişidir. O daha bir dəfə göstərdi ki, təzyiqi qəbul etmir. Açıq başa saldı ki, küçə-meydan müxalifətinin mitinqlərdə irəli sürdüyü tələblər, həvəngi xaricdən basılan porşen dəstəkləri onu hansısa qərara məcbur edə bilməz.
Anlaqlı tamaşaçının yadında qalmış olar, eyni düşərgə oxşar tələb və təzyiqlərlə Prezidenti İlqar Məmmədovu da azad etməyə çağırırdı. Və o zaman biz "Real"ın efirindən açıq dedik ki, İlham Əliyevə təzyiq yolu kökündən yanlışdır, əksinə, dövlətə kütlə basqısı İlqarın əfv edilmə, azad edilmə şansını azaldır. Zaman göstərdi ki, biz düz düşünürmüşük. İlqar məhz dövlətə təzyiqin ara verdiyi vaxt azad edildi. Bu dəfə də oxşar vəziyyətlə qarşılaşdıq. Radikal müxalifətin birləşmiş qüvvələri ən yolverilməz üsullar, onların təbliğat ruporları isə hətta təhqir ritorikasına əl ataraq Mehmanın azad olunmasını, daha doğrusu, ona yeni cəza verilməməsini hikkə ilə tələb edirdilər.

Prezident isə daha bir dəfə göstərdi ki, dövlət onunla təzyiq dilində danışmağı qəbul etmir! Prezident Mehmanın bir səhifəlik səmimi, emosianal məktubunu, hüquq müdafiəçilərinin müraciətini radikal hayqırtılardan, kin, nifrət daşıyanlardan üstün tutdu. Ona, belə demək mümkünsə, əfv üçün müraciət etmiş gəncə, cəmiyyətə, dövlətə yararlı biri olmaq şansı yaratdı. Və indi Mehmanın addımını arxa plana atmağa çalışanlar, əslində günün hadisəsi olan məhbus məktubundan diqqəti yayındırmaq istəyirlər. Qardaşına, onun siyasi gələcəyinə, Qabil qatilliyi edən Emin yenə də qəzəblidir, açıq görünür ki, Mehman onun planlarına mane olur. O Mehmanın taleyini dəyişə biləcək məktubun əhəmiyyətini heçə endirir, 19 yanvar mitinqinin effektini isə həlledici elan edir. Emin tək deyil, Sevinc Osmanqızı və başqaları da bu ampluadadır.

Öz aləmlərində Mir Şahini də unutmurlar. Baxmayaraq ki, Mehmanın aclıq aksyasına, onun istər quru, istər duru, istərsə də qatıq forması halına mənim münasibətim birmənalı olub, son şərhimdə isə belə də qeyd etmişəm: "Avropa Parlamentində Mehman Hüseynovun azadlığa buraxılmayacağı barədə məlumat hardandır? Axı, adamın cəza möhləti martın əvvəlində başa çatır. " Amma hər dəfə də Mehmanın ətrafında bir şəbih çıxarıldığını qeyd etmişəm. Və heç vaxt da Mehmanın həbsdə saxlanılması, ya saxlanılmamasının vaciblyinə hökm verməmişəm. Mehmanın həbsi, aclığı məni bir mövzu, gündəm ciddiyyəti olaraq maraqlandırmayıb. Ölkə böyükdür, hər gün neçəsi saxlanır, neçəsi buraxılır. Mən bu mövzuya ona görə toxunmuşam ki, Azərbaycanı Xaricdən körükləyən vətənüzinalar içimizdəki siyasi uğursuzlarla birlikdə xalqımıza Mehmandan bir xana düzəltmək istəyir. Mən isə buna qarşıyam, qarşı olacağam, çünki vətən haramzadaları Günün Ekranına üz, Nyu York hovuzlarına arxa çevirib sent atanda, (guya bu "ayini" icra edəndə tezliklə Nyu Yorka qayıtmaq nəsib olur) mən Azərbaycan Dövlətinin müstəqil jurnalistika hissəsini yaradır, Qarabağda həyatımla risk edirdim. Və bu gün mən öz yaratdığım Dövləti-Müstəqil Jurnaliatikamı qoruyuram. QORUMALIYAM!

Bəli, Mir Şahin Mehman kimi sadədil, ağlı kəsməz uşaqlardan Azərbaycan dövlətinin altına detonator düzəldənlərlə qarşı düşərgədədir. Əlbəttə, mitinq də dövlətə, xalqa aiddi, bu aksiya növü də demokratik quruluşun bir tərzi, bir qiyafəsidir, belə olmasaydı, hakimiyyət ona sanksiya verməzdi ki... Yəni mitinqlərin hər biri rəsmi qurumların icazəsi ilə baş tutur. Amma mitinqlərin də məzmunu dəyişməz olmamalıdır. Dünyanın müxtəlif ölkələrində növ-növ məzmunda, məs.xəz dəriyə də, aborta da, kabab və ya sement tüstüsünə, siqaret çəkiminə də etiraz mitinqləri ola bilər və olur. Ancaq 30 ildi ki "İstefa!", "Azadlıq" qışqırmaqla kütləni təkhüceyrəli məxluqa çevirib, insanları 2019-dan 1989-90-cı ilə dartmaq cəhdləri anormallıqdır. Bu gün radikal müxalifətin bitişik qüvvərinin də mövcud olduğu daxili siyasətdə bir pozitiv hadisə baş verib ki, onun da adı məhbus Mehman Hüseynovun Prezidentə məktub yazmasıdır, mədəni, hiss və səmimiyyətlə yazılmış bir məktub. Prezidentin də yanaşması adekvat olub. Bu addımlarla sinxronlaşmaq, bir sivil vətəndaş tərbiyəsi nümayiş etdirmək lazımdır. Heç kimin yazdığını oxumadan, heç kimin mövqeyilə yaxından tanış olmadan korazehin bir şəkildə söyüşə, təhqirə əl atmaq sadəcə cahillik, kütləvi tərbiyəsizlikdir.

Məsələn, Prezidentin köməkçisi Fuad Ələsgərov İlham Əliyevin tapşırığını izah edərkən bildirir: "Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan baş prokuroruna tövsiyə edib. Eyni zamanda, prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib". Sonuncu cümləni diqqətlə oxumaq lazımdır. "Eyni zamanda, prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib".
"Mehman Hüseynov məsələsi"nə Prezident yanaşması budur. Anlayış, barış, cəmiyyətin daxilinə xaricdən eksport edilən şəbəkə gərginliyinin yığışdırılması üçün ciddi təşəbbüs. Bundan istifadə etmək, Azərbaycanı sabit, ciddi, hesablaşılan bir respublikadan küçə-meydan "dövlətinə", həvəskar, stajyor siyasətpərdazların pilot layihəsinə çevirmək istəyən qüvvələrin əlində alət olmaqdan çəkinmək lazımdır. Və elə etmək lazımdır ki, Bakı Polisi "belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam!" deyə xəbərdarlıq etməyə məcbur olmasın.

Prezidentə minnətdarlıq bildirmək əvəzinə, özünü öcəşkən bir sırtıq kimi aparmaq, humanizmi geri çəkilmək tək anlatmağa çalışmaq reallığı düzgün qiymətləndirməməkdir. Hadisənin məzmunu bundan ibarətdir: Mehman Hüseynov Prezidentdən kömək istəyib, Prezident müvafiq qurumlara uyğun tövsiyə verib, məhbusun iştirakı ilə baş vermiş insidentlə bağlı açılmış ikinci cinayət işinə xitam verilib. Bu faktı "o yana döndər, bu yana döndər" məntiqilə Avropada "təbibə göndər"məyə ehtiyac yoxdur. Və mən inanıram ki Prezidentə məktub yazaraq ondan işə qarışmasını xahiş etməyə cəsarəti yetən bu gəncin Dövlət Başçısına təşəkkür etməyə də ürəyi çatacaq. (Bəs niyə CƏSARƏTİ? Ona görə ki, Mehman bu günlər qardaşı Eminin də daxil olduğu mütəşəkkil antimilli şəbəkənin aqressiv təzyiqi altındaydı və bu təsirdən çıxaraq Öz Dövlətini, Öz Prezidentini Seçərək üz tutmaq ona yəqin ki asan başa gəlmədi). Onda yüz faiz inanacağıq ki, o Mehman deyil, əsl Ev Sahibidi: AZƏRBAYCANLIDIR, AZƏRBAYCANLADIR!

Teqlər: Mehman-Hüseynov   Mir-Şahin