Millət vəkilindən Zakir Həsənova mühüm təklif

Millət vəkilindən Zakir Həsənova mühüm təklif
  09 Noyabr 2013    Oxunub:1201
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa yeni müdafiə naziri Zakir Həsənovun döyüş bölgəsinə səfərindən yazıb.
AzVision.az xəbər verir ki, partiya sədri nazirin bu addımını müsbət hal kimi dəyərləndirib:

“Burada ilk növbədə əsgərlərin gigiyeniya, geyim və ərzaq təminatı məsələlərinə diqqət yetirmək vacibdir. Əsgərin həftədə ən azı iki dəfə çimməsi bir qayda olaraq müəyyənləşməlidir. Bunun üçün də döyüş bölgəsində hər bir tabor üçün əgər yoxdursa, mütləq səyyar hamamlar quraşdırılmalıdır. Zabit və gizirlərin kirayəçi olaraq yaşadıqları mənzillərin şəraiti və övladlarının təhsili ilə daha ciddi maraqlanmaq lazımdır. Azərbaycan ordusu, az sayda ordulardan biridir ki, rotasiya prinsipinə ardıcıl əməl olunmur. Zabit və gizirlərin eyni hərbi hissədə dəyişilmədən xidmət etməsi ənənəsinə son qoyulmalıdır. Kiminsə həmişəlik Bakıda, kiminsə döyüş bölgəsində hərbi xidmət keçməsi alın yazısı kimi qəbul olunmamalıdır. Bu orduda ədalətə inamın gücləndirilməsi üçün zəruridir”.

Millət vəkili yeni nazirə əsgər ölümləri və ordudakı digər mənfi halların aradan qaldırılması üçün təkliflər də verib: “Əsgər ölümlərinin qarşısının alınması, zabit, gizir və əsgərlərin bir sıra hallarda qanunsuz olaraq məsuliyyətə cəlb olunması hallarının araşdırılması üçün yeni müdafiə naziri Hərbi Ombudsman insititutunun yaradılması təşəbbüsü ilə çıxış etsə yaxşı olardı. Hərbi qanunvericiliyə uyğun olaraq bir çox hallarda şikayətin əsasən komanda tabeçiliyi qaydasında edilməsinin mümkünlüyü, alt səviyyədə olan hərbi qulluqçuların daha çox əsassız olaraq cəzalandırılması praktikasını yayğınlaşdırıb”.

F.Mustafa hesab edir ki, ən ciddi məsələlərdən biri də indiyədək Müdafiə Nazirliyi ilə Qanunverici orqan arasında hasar qonşuluğundan başqa sağlam bir münasibətin yaradılmamasıdır: “Ayrı-ayrı deputatların ildə bir neçə dəfə cəbhə xəttində əsgərlərə baş çəkməsi mənəvi cəhətdən müsbət addım sayılsa da, burada ən vacib məsələ qanunvericilik sahəsində, hüquqi məsələlərdə fikir mübadiləsi imkanlarının yaranmasıdır. Orduda olan neqativ hallar tez-tez parlament tribunasından tənqid olunur, bir çox hallarda işin gerçək mahiyyəti barədə dəqiq məlumat əldə edə bilməyən deputatlar, öncədən hansısa fikir mübadiləsi prosesində özləri üçün müsbət mənada bəlkə daha fərqli təsəvvürlər əldə edə bilərlər. Bu səbəbdən fikrimizcə, Parlamentin sahəvilik baxımından əlaqəli sayıla bilən üç komitəsinin- Təhlükəsizlik və Müdafiə, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan Hüquqları komitələrinin üzvləri ilə vaxtaşırı ordu rəhbərliyinin görüş-müzakirələr keçirməsi olduqca faydalı bir yenilik olardı. Bu həm də qanunvericilikdə praktik problemlərin çevik tənzimlənməsinə yararlı olardı”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti