Bakıda 100-ə yaxın ağaca ziyan dəyib, 3 maşın əzilib

  18 Yanvar 2019    Oxunub : 1404
 Bakıda 100-ə yaxın ağaca ziyan dəyib, 3 maşın əzilib
Bakıda müşahidə edilən küləkli hava şəraiti nəticəsində 100-ə yaxın ağaca ziyan dəyib.

Bu barədə Azvision.az -a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsindən məlumat verilib. Bildirilib ki, ağacların aşması və ya budaqlarının sınması zamanı 3 maşın əzilib.
“Qırılan ağaclardan evlərin balkonuna düşənlər də olub. Xəsarət alan qeydə alınmayıb. 4 elektrik dirəyi aşıb, 2 qaz borusu sınıb”.

Bakı Şəhər İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, küləyin ziyan vurduğu ağaclar əsasən qovaq ağaclarıdır.

“Bu ağacların ömrü az olur və şiddətli küləyə davam gətirmirlər. Küləyin fəsadlarına gəlincə, dünən Yasamal rayonunda dayanacaq aşıb. Sabunçuda məktəb binasının damı uçub. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində plastmas su çəni sahibinin maşının üstünə düşüb. Hava şəraiti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və rayonlarda yaradılan komissiyalar gücləndirilmiş rejimdə işləyiblər. Şəhər rəhbərliyi, Aparatın işçiləri və rayon rəhbərləri tam şəkildə iş yerində olublar, təsərrüfat xidmətləri, xidmət sahələri xüsusi rejimlə işləyiblər. Gecə saatlarında mobil qruplar şəhərdə gəziblər ki, qar yağarsa, operativ müdaxilə edilsin və yollar təmizlənsin”, - deyə icra hakimiyyətindən bildirilib.

Aytən Zəhra
Azvision.az

Teqlər: BŞİH   Ağac   Külək