XİN “ASAN”da konsulluq xidmətlərinin göstərilməsini dəstəklədi

  17 Yanvar 2019    Oxunub : 1246
 XİN “ASAN”da konsulluq xidmətlərinin göstərilməsini dəstəklədi
Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli Fərmanına əsasən konsulluq xidməti ilə bağlı bəzi məsələlər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) həvalə edilib. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilib ki, Prezident İlham Əliyev ölkəmizdə struktur islahatlarının həyata keçirilməsi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib və bu barədə dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Məhz bu xüsusda, konsulluq sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın artırılması məqsədilə Azərbaycan Prezidentinin 15 yanvar Fərmanına əsasən müəyyən konsulluq xidmətləri, o cümlədən xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmin ediləcək. Bu, o deməkdir ki, Xarici İşlər Nazirliyinin əməkdaşları digər dövlət qurumlarının təcrübəsində olduğu kimi, müvafiq müraciətlərin qəbul edilməsi və icra olunması üçün “ASAN xidmət”in təmin etdiyi məkanda yerləşəcəklər. Eyni zamanda, paralel olaraq bu xidmətlər nazirliyin konsulluq idarəsi tərəfindən də təmin olunacaq. Bu dəyişikliyin əsas məqsədi vətəndaşlar və dövlət qulluqçularının müvafiq müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Azvision.az

Teqlər: XİN   ASAN-Xidmət