İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

  17 Yanvar 2019    Oxunub : 1644
 İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Qanunla Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulması ilə bağlı cəzalar müəyyənləşdirilib.
Məcəlləyə əlavə edilən 276-1-ci (Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi) maddəyə əsasən, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə ediləcək.

Əlavə edilən digər – 457-1-ci (Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulması) maddədə qeyd olunub ki, əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni: Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə, qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üçün 100 manatdan 200 manatadək, vəzifəli şəxslərə 400 manatdan 600 manatadək, hüquqi şəxslər üçün isə 1 000 manatdan 2 000 manatadək cərimə nəzərdə tutulub.

Qeyd edək ki, əlvan və qara metal tullantılarının qəbulunu həmin metalların emalı (əridilməsi) ilə məşğul olan və təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə biləcəklər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından yoxlanmasımüvafiq qaydalara əsasən həyata keçiriləcək.

Azvision.az

Teqlər: Məcəllə   Qanun