Emin Hüseynov avropalı diplomatları "Azərbaycana işləyən idiotlar" adlandırdı

   Emin Hüseynov avropalı diplomatları "Azərbaycana işləyən idiotlar" adlandırdı
  17 Yanvar 2019    Oxunub:5692
Təəssürat yaranır ki, hazırkı Azərbaycan hakimiyyətinin bir ovuc əleyhdarının təqvimində hələ də 1989-cu ildir. Bəlkə də həmin 1990-cı il. İnsanın həyatında ola biləcək ən qorxulu şey onun yalnız keçmişi ilə yaşamasıdır. Diqqət yetirin: müxalifətçilər hələ də tez-tez prezident Reyqandan iqtibaslar gətirirlər.
Onların stolüstü kitabı isə Corc Oruellin publisistikası və ya Soljenitsının həbsxana memuarlarıdır. Onlar hələ də Çexiya prezidentinə liberal müdafiəçi kimi müraciət edirlər. Güman edirlər ki, Şərqi Avropa liberal-demokratiyasının beşiyinin başında duran mərhum Vatslav Haveldir, Putinin dostu Miloş Zeman deyil...



Qədim və biabırçı qərb vicdan dirəyinə (Svetayevanın əsərini bir qədər dəyişsək) mıxlanmış, özünü itirmiş və artıq itirilmiş bir ovuc müxalifətçinin faciəvi səhvi nədən ibarətdir? Bir ovuc Azərbaycan liberalı postsovet insanı sindromuna yoluxub. Bütün qüdrətli sovet sisteminin onurğasını sındırmış yenidənqurma illəində Stalinin düşərgələrindən, Xruşşovun qarğıdalı tarlalarından və Brejnevin durğunluğundan keçib gəlmiş onlarla milyon sovet insanı dövranın dəyişikliklərinə heç cür uyğunlaşa bilmədi. Həmin aqibətdən qaça bilməmiş postsovet insanı hələ də Amerika dəniz piyadalarının üstün roluna inanmaqdadır ki, onlar Bağdada girməli və xalqı Səddam hakimiyyətindən xilas etməlidirlər. Xalq isə amerikalıları Buşun portretləri ilə qarşılamalıdır. Xatirələr hələ təzədir: Bakıda narıncı inqilab cəhdi vaxtı müxalifətçilər Buşun portretlərini qaldırmışdılar...



Son günlər onlarla liberal, başda islaholunmaz Əli Kərimli olmaqla şəbəkədə durmadan bir sual ətrafında düşünürlər – nəyə görə inqilab Ermənistanda qalib gəldi? Və nəyə görə inqilab Azərbaycanda qalib gələ bilmədi? Müxalifətçilər bu günə kimi də elementar həqiqəti dərk edə bilmirlər. Ermənistanda real müxalifət xalqa müraciət etmişdi. Azərbaycanda isə amorf müxalifət ona etimadını itirmiş xalqa müraciət etmir. O, əvvəlkitək inqilab törədəcək hansısa fövqəltəbii gücə inanır. Və həmin bu müxalifət də mifik fövqəltəbii gücün dalğasının üstündə hakimiyyət kabinetlərinə daxil olacaq. Sosial-iqtisadi formasiyanın dəyişikliyi haqqında təxminən belə bir dar düşüncə...

Qəribədir ki, son günlər inqilab haqqında bütün söz-söhbətlər gənc bloger Mehman Hüseynovun adi işindən qaynaqlanır. Bir ovuc müxalifətçi yenidən xalqı paytaxtın mərkəzində mitinqə çağırdı ki, Mehman Hüseynovu xilas etsin. Hakimiyyət, təbii ki, mitinqin keçirilməsinə icazə verdi. Axı Azərbaycanda siyasi proses mütləq mənada proqnozlaşdırılan xarakter daşıyır və qabiliyyətli analitik, yaxud nadir ekstrasens istedadı lazım deyil ki, gələcək etiraz aksiyasının miqyaslarını əvvəlcədən görəsən – hansısa fövqəlbəşər mifik gücün üstünlüyünə sadəlövhcəsinə inanan bir neçə yüz tipik postsovet insanı. Buşun portretlərini sevinclə qaldırmağa hazır insanlar. Bu yüzlərlə insanın Amerikanı yalnız “Meksika divarı” ilə ayırmaq haqqında deyil, həm də ənənəvi amerikan konservativ siyasətinə uyğun izolyasiya haqqında ideyalara qərq olmuş prezident Trampın mövcudluğundan xəbəri də yoxdur.

Mehman Hüseynovun qardaşı – hüquq müdafiəçisi Emin Hüseynov da məhz postsovet insanının itirilmiş nəslinin tipik nümayəndəsidir. Emin yalnız özünün yeniyetmə, orta və ali təhsil ala bilməmiş qardaşının taleyini darmadağın etməyib. Emin öz qardaşını siyasi və maddi qazancın alətinə çevirib. Həyasızcasına, alçaqcasına və qəddarcasına. Lakin görünür, kəmsavad və pulgir Eminin də daxil edildiyi oyunun qaydaları belədir.

Emin Hüseynovun sosial şəbəkələrdəki müraciətlərini oxuyuram. Kobud orfoqrafik səhvlərlə yazır və savadsız mətndə həinki məntiqi ardıcıllıq yoxdur, həm də düşüncənin özünü tapmaq olmur, onun qarğış dolu çıxışlarının məğzini anlamaq çətindir. Emin isə, nə az - nə çox, dilimə qurğuşun, Azərbaycanın liberal hərəkatında Bukovskinin özünün roluna namizəddir.


budur, bizim Bukovskimiz

Daha inandırıcı görünmək üçün Emin saqqal da saxlayıb. Saqqalsız nə dissident?! Gəlib çatmışıq! Bax, elə bu səbəbdən də Emin Hüseynov kimilər Azərbaycanda insan haqları uğrunda etiraz mübarizəsini heçə endiriblər, simasızlaşdırıblar. E.Hüseynovun çağırışları artıq ümumi qəhqəhə, məzhəkə və tənə obyektinə çevrilib. Gərək çox çalışasan ki, ideallar uğrunda ölümə hazır olmaq kimi dramatik hərəkəti – aclıq aksiyasını komedi-şouya çevirəsən və hamını inandırmaq istəyəsən ki, daimi inqilab naminə daim qaşıq-qaşıq xama yemək və tərəvəzi südlə içmək olar.

Bəs Emin Hüseynovun “paypal” sistemində hesab açaraq, “aclıq edən Mehmana” kömək üçün pul toplamaq təşəbbüsünə nə ad verəsən?! Bu nə sirk tamaşasıdır? Nə vaxtdan aclıq aksiyaları üçün pul mükafatları toplanmağa başlayıb?!

Emin Hüseynovun “Eurasianet.org” Soros nəşrinə bugünkü müsahibəsi isə təsəvvürləri vəcdə gətirir – müsahibənin hər sətrinə sanki utanmaz komediya elementləri hopub. Hətta Soros nəşrləri belə Mehmanın “südlü aclığ”ının səbəbləri ilə maraqlanırlar. Lakin Emin özünün yeni “südlü-tərəvəzli mübarizə” nəzəriyyəsini iddia etməkdə dönməzdir. Eminin özündən sitat gətirək: “Əgər siz gündəlik qida rasionunuzun 30 faizini qəbul edirsinizsə, bu artıq aclıqdır!” Ha-ha! Bizim Bukovski nə qədər də gülüncdür! Bəs bu nou-haunun, adı aclıq olan qəribə etiraz aksiyasının mənası nədir?! Axı məhz özünün könüllü ölüm seçimi ilə bir çox həqiqi qəhrəmanlar hökumətləri geri çəkilməyə məcbur ediblər.

Lakin elə həmin müsahibədə Emin Hüseynovun daha bir bəyanatı məni təəccübləndirdi, bəlkə də mat qoydu demək daha düzgün olar. Hüquq müdafiəçisi avropalı diplomatlara hücum edir və onları “Azərbaycan hökuməti üçün faydalı idiotlar, trollar” adlandırır!


avropalı diplomatlar təcridxanada Mehman Hüseynovu ziyarət etdilər

Nəyə görə? Ona görə ki, həbsxanada qardaşı Mehman Hüseynovu ziyarət ediblər? Sual olunur – bəs onda niyə Emin aclıq aksiyası barədə bütün dünyaya car çəkirdi? Dünya ictimaiyyətinin diqqətini Mehmanın ətrafındakı vəziyyətə cəlb etmək üçün. Budur, avropalı diplomatlar məhbusa baş çəkdilər. Burda pis nə var ki? Minnətdarlıq əvəzinə avropalı diplomatlar təhqiredici hücuma məruz qalırlar. Təsəvvür edirsiniz? Necə axı?!

Axı Emin Hüseynovun özünü də bir vaxtlar avropalı diplomatlar xilas etmişdilər. Dostlarını dar ayaqda qoyaraq, İliçin nəsihətlərinə uyğun olaraq, E.Hüseynov “arvad yaylığında” İsveçrənin səfirliyində gizləndi və uzun aylar ərzində bu “trollar fabriki və Azərbaycan hökumətinin idiotları”nın himayəsi altında qaldı. Bakı bulvarında şəkil çəkən keçmiş küçə fotoqrafı tərəfindən hörmətli avropalı diplomatların ünvanına yağdırılan təhqir dolu çıxışdakı ibarələrin tonuna diqqət yetirin. Sonradan bu küçə fotoqrafını “Turan” öz sıralarına qatdı.


Emin Dənizkənarı bulvardan başlamışdı

Elə oradaca o, Amerika hərbi kəşfiyyatının əməkdaşı Sara Luis Polsvorsla tanış olur. Sara Bakıda sonradan ölkədən qovulmuş Sülh korpusunun – 90-cı illərin liberal intervensiyasının daha bir atributunun – könüllüsü adı altında işləyirdi. Həmin zaman – “Turan”da işləyən küçə fotoqrafı S.Polsvorsun diqqət dairəsinə düşdü. Sonradan isə hadisələr Hollivudun həyəcan verən trillerlərindəki kimi inkişaf etdi. Oyun, nikah, sonradan isə yerdə qalan atavist-postsovet insanlarının ələ alınması üzrə birgə layihələr. Sara Polsvors çox sonralar – ABŞ-a qayıtdıqdan sonra aşkarlandı.


Saranın kimliyi uzun illərdən sonra üzə çıxdı




Bəs sonra? Mehman – Emin Hüseynovun yapışa biləcəyi son saman çöpüdür. O və Sara əllərindən gələni edəcəklər ki, hakimiyyət bu oğlanı həbsdə saxlasın. Axı Mehman alçaqların son sığınacağıdır. Uzaq Azərbaycanda siyasi həyata başqa nə cür daxil olasan? Bütün bu olanlarda mən yalnız Eminin Azərbaycan siyasətinə olan marağını anlamıram. Əgər Emin Azərbaycana belə bağlı idisə, nəyə görə öz istəyi ilə vətəndaşlıqdan imtina edirdi?!



Türmədən qorxdu, qardaşını və mübarizə dostlarını həbsdə qoydu? Və Soros institutlarının himayəsinə getdi?! Yeri gəlmişkən, Eminin Avropa məhkəməsində maraqlarını Soros Fondunun nümayəndələri qoruyacaqlar: Ceyms Qoldston, Lora Bingem və Mersedes Melon. Ceyms Qoldstonun kim olduğunu bilirsiniz? Sorosun Açıq Cəmiyyət İnstitutunun icraçı direktoru. Vəkilləri Strasburqa Nyu-Yorkun özündən yollayıblar. Emin Hüseynov tamamilə Sorosun altına keçib. Lakin Nyu-Yorkda, görünür, hələ də bilmirlər ki, Azərbaycanda bütün liberal qardaşlıq ondan üz çevirib. Xədicə İsmayılova, Emin Milli və əyilməzlərin digər flaqmanları onu korrupsiyada, digərləri isə qorxaqlıqda və qaçmaqda ittiham edirlər. Son şans qalıb – debet ödəniş-qrant sistemi olan “paypal”a qayıtmaq. Əlbəttə ki, məhbus qardaşın zəif çiyinləri üstündə Azərbaycan vasitəsilə... Axı Hüseynov kimilər başqa zirvələri fəth etməyə qadir deyillər. Onun bütün varlığı nadanlıq və axmaqlıqdır... və daha da çox boş yer. Lakin bu boşluq da alçaqlıqla dolub!

Deyilənə görə, cəhənnəmə gedən yol ən xoş niyyətlərdən keçir. Lakin görünür, cənnətə gedən yol da ən alçaq niyyətlərdən keçirmiş...

Müəllif: Eynulla Fətullayev


Teqlər: Emin-Hüseynov   Mehman-Hüseynov  





Xəbər lenti